AXİRƏT

Kainatın ölümündən sonra


Kainatın ölümündən sonra

Qiyamət günü insanların hamısının həqiqəti açıq gördükləri andır. İnkarçı bir insan qarşılaşacağına əsla inanmadığı, hətta bu inamsızlığı nəticəsində davamlı rədd etdiyi və həyatı boyunca düşüncəsindən qaçdığı axirət həqiqəti ilə artıq qarşı-qarşıyadır. Dünyada yanıldığının nəticəsini görür, geri dönüş çarələri axtarır, amma bir nəticə əldə edə bilmir. Dəhşətli aqibətlə qarşılaşmışdır və etdiklərinin peşmanlığını bütün həqiqəti ilə hiss edir. Onların bu psixologiyası Quranda bizə müfəssəl şəkildə anladılmışdır.

Qiyamət günü insanlar istəsələr də, istəməsələr də Allah`ın Quranda bildirdiyi o günə aid hadisələri qarşılarında görmüşlər. Surun üfürülməsini tayı-bərabəri görünməmiş hadisələr müşayiət etmiş, yer və göy parça-parça edilmiş, kainat içindəki canlılarla birlikdə yox olmuşdur. Hər şey yox olub bütün hadisələr bitdikdən sonra Allah göyləri, yeri və insanları yeni biçimdə təkrar yaradır. Əlbəttə, göyləri, yeri və bütün aləmləri yaradan Allah bunların oxşarlarını da yaradacaq gücə sahibdir:

“Məgər onlar göyləri və yeri yaradan Allah`ın onlar kimisini yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar ancaq öz küfrlərində İsrar edib dururlar”. (“İsra” surəsi, 99)

“Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allah`ın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!” (“Əhqaf” surəsi, 33)

Qiyamət günündə yaşanacaq hadisələr eynilə Allah`ın Quranda bildirdiyi şəkildə yerin başqa yerə, göylərin də başqa göylərə çevrilməsi olacaq. İnsanlar Allah`ın hüzuruna çıxarılacaq, Onun qarşısında dünya həyatı boyunca etdiklərinin hesabını verəcəklər.

“Qiyamət günü elə bir gündür ki, Yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və onlar bir olan, qalib olan Allah`ın hüzurunda duracaqlar!” (“İbrahim” surəsi, 48)

Bu çox ağır gün Quranda “din günü”, “hesab və cəza günü”, “axirət günü” kimi adlarla qeyd olunur. Bu gün yenidən yaradılan göy və yer artıq əbədi həyata aid olan məkanlardır. İnsanların hamısı yeni yaradılışla təkrar dirildiləcəklər. O gün inkarçılarla möminlərin bir-birindən ayrılacağı, əbədi yurdlarına sövq ediləcəyi gündür. İnkarçılar da daxil olmaqla, kimsə bu günə yad deyildir.

İman gətirən və dünyadakı həyatı boyunca axirət həyatına hazırlanan möminlər bu gün yaşanacaq hadisələri daha əvvəl Quranda özlərinə açıqlandığı şəkildə görürlər. Möminlər Allah`ın onlara vəd etdiyinə qovuşmanın rahatlığı içindədir. İnkarçılar isə tərifi olmayan qorxu, peşmanlıq və narahatlıq içindədir. Dünya həyatı boyunca həm Allah`ın göndərdiyi sistemə qarşı savaşmış və həm də bunu sezdirməməyə çalışmış olsalar da, əvvəllər etdikləri səhvin fərqində olublar. Unutduqları bu həqiqət artıq qarşılarındadır. Dünyada dayanmadan: “Bu deyilənlər birdən doğru olarsa”, -deyə düşünərək barəsində tərəddüd və qorxu içində olduqları, şübhəyə qapıldıqları həqiqətlə üz-üzədirlər. Sonsuz həyatları boyu yaşayacaqları, qarşısını əsla ala bilməyəcəkləri və özlərindən kənar edə bilməyəcəkləri böyük əzabın ilk dəqiqələrini yaşamağa başlayıblar:

“Allah`ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” surəsi, 28)