Quran

Allah rizası üçün səmimi cəhd etmək


Allah rizası üçün səmimi cəhd etmək

Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)

Müsəlmanlar digər insanlardan nə ilə fərqlənirlər? Müsəlman olmayanlar bu suala müxtəlif cavablar verə bilərlər. Onlar müsəlmanlarla aralarında mədəni və əxlaqi fərqlərin olduğunu bildirər, müsəlmanların dünyagörüşünün fərqli olduğunu, fərqli düşüncələrə sahib olduqlarını və bəzi dəyərlərə inandıqlarını, özlərinin isə bunları qəbul etmədiklərini irəli sürə bilərlər.

Lakin bütün bunlar təkcə əsas fərqin nəticəsi olaraq ortaya çıxmış və yalnız gözlə görünən fərqlərdir. Əksəriyyəti müsəlmanların onlardan nə ilə fərqləndiyini anlamırlar. (Bu fərqi anlamadıqları üçün müsəlman deyillər)

Müsəlmanları digər insanlardan ayıran əsas xüsusiyyətin nə olduğunu söyləmədən əvvəl, bir nüansı yada salmaq faydalı olardı. “Müsəlman” deyərkən şəxsiyyət vəsiqəsində “müsəlmandır” ifadəsi olan insanı nəzərdə tutmuruq. Müsəlman Allahın Öz dininə bağlananlara verdiyi addır. Quranda təsvir edilən müsəlmanları digər insanlardan ayıran əsas fərq Allahın sonsuz gücünün fərqində olmalarıdır. Allahın sonsuz gücünün fərqində olmaq isə yalnız Yaradıcının varlığını təsdiq etmək deyil. Allah Quranda bunu belə bildirmişdir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis surəsi, 31-32)

Ayədə sual verilən şəxs Allahın varlığını təsdiq edən, Onun isimlərini qəbul edən, buna baxmayaraq “Allahdan qorxub çəkinməyən” və Allahdan üz döndərmiş biridir. (Şeytan da Allahın varlığını inkar etmir)

Allahın böyüklüyünü dərk etmək bunu sözlə təsdiq etmək deyil. Müsəlmanlar Allahın varlığını və böyüklüyünü dərk edən, Ondan qorxub çəkinən və həyatlarını dərk etdikləri bu böyük həqiqətə əsasən nizamlayan insanlardır.

Digərləri isə ya Allahı inkar edənlər, ya da Allahın varlığını yuxarıdakı ayədə bildirildiyi kimi, təsdiq etməsinə baxmayaraq, Allahdan qorxub çəkinməyənlərdir.

Bu insanlar həyatlarını onları yaradan Allahın fərqində olmadan yaşayırlar. Həyatlarının kim tərəfindən, necə və nə üçün başladıldığını göz ardı edirlər. Öz düşüncələrində Allaha və Onun dinində yeri olmayan yeni həyat qurmağa çalışırlar. Quranda isə Rəbbimiz bu həyatın boş və çürük təməli olduğunu və mütləq məhv olacağını bu hikmətli bənzətmə ilə bildirmişdir:

Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)

Allahın ayədə bildirdiyi kimi, Quranda təsvir edilən imana sahib olmayanların həyatı uçurumun kənarında qurulmuşdur. Onların yeganə məqsədləri bu dünyada xoşbəxtliyi və rahatlığı əldə etməkdir. Bu insanların bəziləri qarşılarına zəngin olmaq hədəfini qoyurlar. Bu hədəfə çatmaq üçün əllərindən gələn hər şeyi, bütün fiziki və zehni güclərini zəngin olmaq üçün istifadə edirlər. Bəzisi də həyatda etibar qazanmaq və məşhur olmaq məqsədini seçir. Bunu əldə etmək üçün də əlindən gələni edir. Hər cür çətinliyə tab gətirir, müxtəlif fədakarlıqlar edir. Lakin bunların hamısı ölümlə birlikdə yox olan dünya hədəfləridir. Hətta bir çoxu dünyada ikən də itirilə bilər. Halbuki mömin Allahın varlığının və gücünün fərqindədir. Allahın onu nə üçün yaratdığını və ondan nə istədiyini bilir. Buna görə də dünyadakı əsl məqsədi Allahın razı qaldığı qul olmaq üçün çalışmaqdır. Onu məqsədinə çatdıran hər bir yola baş vurur, bunun üçün ciddi səy göstərir. Bunun sayəsində digər insanlar üçün məhvdən başqa bir şey olmayan ölümün sirrini də başa düşür. Ölüm yox olmaq deyil, əsl həyata keçid mərhələsidir.

Müsəlman olmayanlar həyatlarının təsadüfən və öz-özünə yarandığını fərz etdikləri kimi, həyatlarını bitirən ölümün də öz-özünə baş verən qəza olduğunu düşünürlər. Halbuki həyatı da, ölümü də yaradan Allahdır. Təsadüf və ya qəza olmayan ölüm Allahın xüsusi olaraq yaratdığı, zamanı və yeri müəyyən edilmiş hadisədir.

Məhz mömin də Allahın hər şeyə hakim olduğunu bilən və ölümün son deyil, əsl həyata keçid mərhələsi olduğunu dərk edən insandır. Bu həqiqətlərin fərqində olduqda isə, əlbəttə ki, həyatını “uçurumun kənarında” qurmaz. Həyatın, ölümün və ölümdən sonrakı gerçək həyatın əsl sahibinin kim olduğunu və onu kimin yaratdığını bildiyi üçün Allaha yönələr. Var-dövlətin, mövqe və vəzifənin, fiziki gözəlliyin Allahın yaratdığını və yaradılan bu sistem daxilində əsl xilas yolu olmadığını görür. Bunlar yalnızca Allahın qoyduğu qaydalar sayəsində qısa müddət işəyən “səbəb”lərdir.

Allahın yaratdığı sistemin açarı isə Onun rizasıdır. Çünki Allah yalnız rizasına tabe olanları doğru yola yönəldəcək.

Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)

Müsəlman Allahın rizasını axtardığı üçün müsəlmandır. Onu digərlərindən ayıran ən əsas fərq də budur. Müsəlmanlar dini Allahın rizasını qazanmaq üçün gedilən yol olaraq gördükləri halda, bu bir çoxları üçün bir sıra inancları ehtiva edən qaydalar məcmusudur və həyatlarında vacib yeri yoxdur.

Həqiqi müsəlmanlarla müsəlman təqlidi edən ikiüzlülər (münafiqlər) arasında fərq burada ortaya çıxır. Müsəlmanlar dini Allahın rizasını qazanmaq üçün gedilən yol olaraq gördükləri halda, münafiqlər bunu öz mənfəət və istəklərini təmin edən vasitə kimi görürlər. Müsəlmanlar namazı mütiliklə (Allaha qarşı hörmət dolu qorxu) qıldıqları halda (Muminun surəsi, 1-2), münafiqlərin bunu insanlara özlərini göstərmək üçün etmələrinin səbəbi də buna görədir. Həmçinin onlar Allah yolunda xərclənəni də (infaq) Allah rizası üçün deyil, özlərini insanlara göstərmək üçün edirlər.

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

İnsanların əksəriyyəti özlərinə hədəf seçdiyi dünya nemətlərini əldə etmək üçün çox böyük səy göstərirlər. Zəngin olmaq, mövqe qazanmaq və ya başqa nemətlər üçün əllərindən gələn hər şeyi edirlər. Çox qısa müddətdə tamamilə əlindən çıxacaq “ucuz dəyərlər” (Tövbə surəsi) uğrunda böyük yarışa girirlər.

Bundan daha böyük qarşılığı, Allahın rizasını və cənnətini arzu edən mömin də bu hədəflər üçün ciddi cəhd edir. Allah Quranda möminin bu xüsusiyyətini belə təsvir etmişdir:

Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 18-19)

Mömin Allah rizası və axirət üçün səmimi cəhd edir. Malını və canını Allah üçün satır. Rəbbimiz Quranda möminlərin bu xüsusiyyətini belə bildirmişdir:

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

Allaha malını və canını satan insan Allah rizası üçün qarşılaşdığı heç bir çətinlikdən təsirlənməz və Allah rizasından başqa heç bir şeyə yönəlməz. Bədəni və sahib olduğu mallar onun deyil ki, bunlara görə nəfsinin xudbin arzularına tabe olsun. Bədəninin və sahib olduğu hər şeyin sahibi Allahdır. Buna görə də bunları Onun istədiyi kimi istifadə edir.

Bununla yanaşı, etdiyi cəhdin həqiqətən səmimi olub-olmadığı da sınanacaq. Allah yolunda heç bir şeydən çəkinməməlidir. Çünki münafiqlər də özləri üçün mənfəət gördükdə, Allah rizasına uyğun bir işə Onun rizasını deyil, həmin mənfəəti əldə etmək üçün baş vururlar.

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)

Qısası, mömin olmaq üçün Allah rizasını səmimi qəlbdən istəmək və lazım gəldikdə bu yolda fədakarlıq etməkdən çəkinməmək lazımdır. Möminlər “Axirət yurdunu sadiq ürəklə anan”lardır. (Sad surəsi, 46) Mömin Allahın rizasından başqa heç bir mənfəət güdməz. Onun rizasını, rəhmətini və cənnətini ümid edər, çünki “Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz”. (Nisa surəsi, 124)

Gördüyünüz kimi, Allahın Quranda təsvir etdiyi mömin xarakteri açıq-aydındır. Cənnət Allaha və axirətə “qətiyyətlə” (Loğman surəsi, 4) iman gətirib Allah yolunda səmimi cəhd edənlərin yurdudur. Allaha yalnız bir ucundan ibadət edib, Onun rizası ilə yanaşı öz sadə dünyəvi mənfəətlərini qorumağa çalışanların vəziyyətini isə Rəbbimiz Quranda belə bildirmişdir:

İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. (Həcc surəsi, 11)

Möminin əsl hədəfi axirətdir. Allah möminə axirətdə sonsuz gözəl həyat vəd etmişdir. Rəbbimiz mömin qullarına dünyada da gözəl həyat bəxş edəcəyini vəd edib. Lakin bu onun dünyada heç bir çətinlik və sıxıntı ilə qarşılaşmayacağı demək deyil. Qarşılaşdığı çətinliklər isə onun sınanması və kamilləşməsi üçündür.

Möminin başına gələnlər kənardan çox çətin görünən, lakin tam təslim olaraq baxdıqda, Allahın hər cür çətinliyi aradan qaldırdığı hadisələrdir. Məsələn, hz. İbrahim imanına görə oda atılanda müsəlman kimi davranmış, inancından və Allahın əmirlərindən üz döndərməyərək oda atılmağı gözə almışdı. Bu, kənardan baxdıqda bir insanın başına gələn ən böyük fiziki işgəncədir. Lakin Allahın bu imtahanını ən gözəl və ən təslimiyyətli şəkildə qarşılayan hz. İbrahim kənardan çətin görünən bu hadisədən Allahın yardımı ilə heç bir zərər görmədən xilas olmuşdur.

İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız? Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?” Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!” – dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq. (Ənbiya surəsi, 66-70)

Allah Onun rizası üçün sahib olduqları hər şeyi ortaya qoyanların heç bir zərər görmədən, maddi və mənəvi qazanclarla geri döndüklərini ayələrdə belə xəbər verir:

Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır. Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onları ağrılı-acılı bir əzab gözləyir. (Ali İmran surəsi, 173-177)

Nəticədə Allahın rizasını axtaran mömin üçün heç bir sıxıntı, çətinlik və qəm-qüssə yoxdur. Ancaq Allahın dünyada imtahan olaraq yaratdığı və möminin təvəkkül, səbir və təslimiyyətini yoxladığı hadisələr var. Bunlar kənardan baxdıqda sıxıntı və çətinlik kimi görünən, daxildə isə Allahın rəhməti ilə qarşılaşılan hadisələrdir. Allah Quranda həmçinin mömin qullarına qaldıra biləcəklərindən artıq yük yükləməyəcəyini bildirmişdir:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər... (Bəqərə surəsi, 286)

Allah lazımi qədər Ona qulluq edən möminlər üçün nə dünyada, nə də axirətdə heç bir əzab diləməmişdir. Tamamilə əksinə, hər iki həyatda da gözəlliklər onlarındır:

Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. (Nəhl surəsi, 30-31)

Allah rizasını qazanmada zəiflik göstərən, Allaha tam təslim olmayan və nəfsini ön planda tutan insanların başına isə səhv davranışlarına görə Allahdan xəbərdarlıq olaraq əzab, çətinlik və sıxıntı gəlir. Möminlər səhv etdikdə Allahdan “şəfqət yumruğu” kimi gələn bu xəbərdarlıqlardan dərs alır, tövbə edir və davranışlarını düzəldirlər. İnkarçılar isə dünyada yaşayarkən başlarına gələn çətinlik, sıxıntı və bəlalardan ibrət almır və axirətdəki sonsuz əzaba layiq olurlar.