Quran

Allah sonsuz bağışlayandır, tövbələri qəbul edəndir


Allah sonsuz bağışlayandır, tövbələri qəbul edəndir

nsan qəflətə düşə bilən, unudan, yanıla bilən, səhv edə bilən varlıqdır. Hər an bir çox mövzularda yanlış düşünə bilər, yanlış qərarlar verə bilər və yanlış davrana bilər. Buna görə də Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük lütf və mərhəmətdir. Allah sonsuz rəhməti ilə insanlara hər zaman səhvlərinin bağışlanmasını diləmək və tövbə etmək imkanı vermişdir. Səmimi olaraq günahlarının əfv edilməsini istəyən hər insan Allahın onu bağışlamasını ümid edə bilər. Rəbbimiz “Hicr” surəsində belə buyurur: “Qullarıma xəbər ver ki, Mən, bağışlayanam, rəhmliyəm”.(Hicr surəsi, 49) “Nisa” surəsində isə Allahın bağışlayan olduğu belə bildirilir:

Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər. (Nisa surəsi, 110)

Həyatı boyu səhvsiz, günahsız, qüsursuz olduğunu zənn etmək Qurana zidd davranışdır. Çünki insan səhv edə bilən aciz varlıqdır. Buna görə də Allah bağışlayan və tövbələri qəbul edən olduğunu bildirmişdir. İnsanın bilərək və ya bilməyərək, qəflətə düşərək, nəfsinə uyaraq etdiyi səhvlərinə görə ümidsizliyə düşməsi Quran əxlaqına uyğun olmayan davranışdır. Səhv edən mömin səhvindən ibrət almalı, peşman olub doğruya yönəlməli, vaxt itirmədən Allaha sığınmalı və yenidən o səhvi təkrar etməmək üçün səy göstərməlidir. Əlbəttə, mömin səhv və günah etməmək, Allahın hüdudlarını qorumaq üçün çox səy göstərər, amma yenə də səhvləri və günahları ola bilər. Günahlarından ötrü tövbə edib Allahdan bağışlanma diləmək isə çox gözəl mömin xüsusiyyətidir. Allahın “Tövbələri qəbul edən” (Təvvab), “Bağışlayan” (Qəffar), “Mərhəmət edən” (Rəhman-Rəhim) isimləri də günahlarından peşman olan və tövbə edib Allaha yönələn möminlərin üzərində təzahür edir. “Ənam” surəsində belə buyurulur:

Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, bağışlayandır, rəhmlidir”. (Ənam surəsi, 54)

İnsanları din əxlaqından uzaqlaşdıran səbəblərdən biri də etdikləri günahlara görə hiss etdikləri günahkarlıq duyğusuna görə özlərini “heç vaxt düzəlməyən, nicat tapmayan” şəxslər olaraq görmələridir. Şeytan Allahın Rəhman və Rəhim ismini, tövbələri qəbul edən, sonsuz bağışlayan olduğunu unudan bu insanlara tez-tez vəsvəsə verir və günah edən insana “sən onsuz da günahkarsan, artıq düzələ bilməzsən, bunu qəbul et” mesajları verir. Daha sonra da həmin insanı “onsuz da bir dəfə günah etmisən, yenə etsən, heç nə olmaz” kimi hiylələrlə çox böyük bataqlığın içinə sürükləyir. İnsan iki günah iş görübsə, bu günah saylarını dərhal dördə, səkkizə, on altıya qaldırmağa çalışır. İnsanın günahına görə Allaha qarşı hiss etdiyi utanc hissindən istifadə edərək insanı Allahdan tamamilə uzaqlaşdırmağa çalışır. Amma şeytanın hər hiyləsi kimi bu da zəifdir. Çünki insanın günah etməsi onun artıq doğru yola yönələ bilməyəcəyi demək deyil. Hətta ən böyük günahları dəfələrlə etsə belə, nəticədə hər zaman bütün bunlardan peşman olub Allaha yönəlmə imkanı var. Allah günahlarından ötrü səmimi olaraq tövbə edən, yəni bağışlanma diləyib artıq o günahı etməməyə səy göstərən hər kəsi bağışlayacağını Quranda xəbər verib:

Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 39)

İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və bol ruzi hazırlanmışdır.(Həcc surəsi, 50)

Həqiqətən, öz Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk surəsi,12)

Sonsuz mərhəmət sahibi olan Rəbbimiz tövbə imkanının hər insana verildiyini bizə bildirmişdir. Məsələn, Allah Özünə iman etdikdən sonra azaraq, qızıldan büt düzəldib ona tapınan yəhudilərin tövbəsini qəbul etmiş və onları bağışlamışdır:

O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da, O, tövbələri qəbul edəndir, Rəhmlidir. (Bəqərə surəsi, 54)

Allah ayələrdə qəflətə düşüb günah iş görən və daha sonra səmimi olaraq tövbə edib bağışlanma diləyən insanın bağışlanacağını bildirmişdir. Möminlər nə qədər böyük günah etsələr belə, etdiklərindən səmimi olaraq peşmançılıq hissini duyduqları müddətcə Allahın rəhmətindən ümidlərini kəsməməlidirlər:

(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (Sözə) tabe olun! (Zümər surəsi, 53-55)

Allahın bağışlayan ismi Rəbbimizin insanlara lütf etdiyi ən böyük nemətlərdən biridir. İnsanın ümidsizliyə düşüb etdiyi səhvlərdən sonra özünə gələ bilməyəcəyini düşünməsi çox yanlışdır. Allahın şəfqətini, mərhəmətini, bağışlayan olduğunu görməzlikdən gələn insan öz-özünə zülm etmiş, eyni zamanda da Quran əxlaqına zidd davranmış olar. Səhvlər həmin səhvlərdən dərhal üz çevirən və Qurana uyğun davranaraq bunları dərhal düzəldən səmimi möminlərin axirətdəki dərəcələrini yüksəldir, onları kamilləşdirir, əksiklik və acizliklərinin, xidmətlərinin daha yaxşı fərqinə varmalarını təmin edir. Əsas olan insanın etdiyi günahı təkrar etmədən dərhal peşman olub tövbə etməsidir. Ayələrdə Rəbbimiz saleh əməllər edən, zəkat verən, qısası, Quran əxlaqını yaşayan qullarını bağışlayacağını və rəhməti ilə əhatə edəcəyini bildirir:

Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. (Ta ha surəsi, 82)

Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 5)

Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də naqislikdən qorxmazlar. (Ta ha surəsi, 112)

Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm edilsin. (Nur surəsi, 56)

İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.
(Ənkəbut surəsi, 7)

(Bu ona görədir) ki, Allah onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir.
(Nur surəsi, 38)

İnsan etdiyi günahdan ötrü tövbə etdikdən sonra yenidən qəflətə düşüb eyni günahı edə bilər. Bəlkə bu, dəfələrlə təkrarlana bilər. Amma axırıncı dəfə tövbə edib o günahı yenidən etmədikdə tövbəsinin qəbul edilməsini Allahdan uma bilər. Amma, təbii ki, burda da əsas olan səmimiyyətdir. Bəzi insanların “mən günah etməyə davam edim, yaşlandıqdan sonra bir gün tövbə edərəm” şəklindəki düşüncəsi isə çox böyük səmimiyyətsizlikdir və sonu məyusluqla bitə bilər. Allah bu cür düşünənlərə Quranda belə xəbərdarlıq edir:

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir! Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

Bu ayələrdən də anlaşıldığı kimi, səhv edən, günaha girən mömin tövbə edib Allahdan bağışlanma dilədiyi təqdirdə kədər və ümidsizliyə düşməməlidir. Çünki ümidsizlik Allahın sevmədiyi davranışdır. Etdiyi səhv qarşısında Quran əxlaqına uyğun davranan möminin şövqü, həyəcanı və sevinci azalmaz, əksinə daha da artar. Allah Quran ayələrində müsəlmanları belə xəbərdar edir:

Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (Nur surəsi, 10)

Əgər Allahın sizə lütfü və mərhəməti olmasa idi, Allah Şəfqətli və Rəhmli olmasa idi (yaydığınız şayiələrə görə sizi məhv edərdi). Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan), iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasa idi, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç) (bir) (şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 20-22)

Ayələrdə bildirilən xəbərlər möminlərin şövq və həyəcanlarını artıran çox gözəl müjdələrdir. İman sahibləri həyatlarının hər anında Allahın bu sonsuz lütfü və rəhmətini hiss edir, Allahın rəhməti sayəsində gözəl həyat yaşadıqlarını ağıllarından çıxarmırlar. Onların Allaha olan dualarındakı səmimiyyətlərinin, nemətlərə şükür edərkən hiss etdikləri şövqün və dərin imanlarının ən önəmli səbəblərindən biri də Allahın Rəhman və Rəhim sifətlərini həyatlarının hər anında yaxından hiss etmələridir. Quran əxlaqını yaşamayan, Rəbbimizin ən gözəl isimlərini təqdir edə bilməyən insanlar isə Allahın Rəhman və Rəhim isimlərindəki ehtişamı qavraya bilmirlər. Həyatlarının bədbin, ümidsiz, kədərli olmasının ən əsas səbəblərindən biri budur. Çünki imanın gətirdiyi bütün gözəlliklərdən uzaqdırlar. Günah etdikləri zaman Allahın çox bağışlayan olduğunu bilmirlər. Tövbə edənlərin günahlarını əfv etdiyini, sonsuz şəfqət və mərhəmət sahibi olduğunu düşünmürlər. Halbuki mömin necə hadisə ilə qarşılaşırsa-qarşılaşsın, dərhal Allaha yönəlir, dua edir, bağışlanma diləyir və tövbə edir. Allah səmimi qullarına hər zaman gözəllik diləyir, onları hidayət yoluna sövq edir, pisliklərdən qoruyur və onlara sonsuz rəhməti ilə lütf edir. Allah ayələrdə qulları üzərindəki rəhmətini belə xəbər verir:

Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq. Allah aləmlərə haqsızlıq etmək istəmir. (Ali İmran surəsi, 108)

Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir. (Ali İmran surəsi, 182)

Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər.
(Nisa surəsi, 79)

Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah (itaətkar qullarına) təşəkkür edəndir, Biləndir. (Nisa surəsi, 147)

... Əgər sizə Allahın lütfü və rəhmi olmasa idi, əlbəttə, az bir qisminiz istisna olmaqla, (hamınız) şeytana uyardınız. (Nisa surəsi, 83)

Allahın qulları üzərindəki rəhməti inkar edənləri hidayət yoluna fərqli yollarla çağırmasında da görünür. Onlar iman etməməkdə nə qədər israr edərlərsə-etsinlər, Rəbbimiz elçiləri, hidayət rəhbəri olan ilahi kitabları ilə onları hər zaman doğru yola çağırır. Elçilərin təbliğinə uymayan qövmləri “bəlkə dönərlər” deyə müxtəlif sıxıntı və çətinliklərlə sınayır. Ayələrdə bildirilən “dünyada əzab, dözülməz çətinlik, sıxıntı, quraqlıq, məhsul qıtlığı” Rəbbimizin hidayət yolunu tapa bilməmiş qullarına olan şəfqətinin, mərhəmətinin çox gözəl təzahürüdür. Dünya həyatında doğru yolu tapmaları və axirətdəki sonsuz Cəhənnəm əzabından uzaqlaşdırılmaları üçün onlara verilmiş fürsətdir. Ayələrdə Rəbbimizin inkar edənlərə olan lütfü belə xəbər verilir:

Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar. (Əraf surəsi, 130)

Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar. (Səcdə surəsi, 21)

Küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir. (Zümər surəsi, 7)

Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. (Əraf surəsi, 94)

Ayələrdən də göründüyü kimi, bəzi camaatların başına gələn fəlakətlər, çətinliklər və sıxıntıların hikmətlərindən biri o insanların Allaha yönəlmələri, inkar etməkdən çəkinmələri və tövbə etmələridir. Hər şeyi çox böyük hikmət, xeyir və gözəlliklə yaradan Rəbbimiz bu çətinlikləri də xeyirlə yaratmışdır. “Əraf” surəsində bu haqda belə buyurulur:

O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pis əməllərdən) çəkinsinlər!” (Əraf surəsi, 164)

Səndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr. (Ənam surəsi, 42)

Ayələrdə də bildirildiyi kimi, Rəbbimiz “bəlkə çəkinərlər” və “bəlkə boyun əyələr” deyə insanlara müxtəlif elçilər göndərir, onları rəhməti ilə əhatə etmək və Cənnətinə daxil etmək istəyir. Allahın insanların günahlarını bağışlaması, cəzalarını təxirə salması və onlara həyatları boyu hər an yeni fürsətlər verməsi insanlar üçün çox böyük lütf və rəhmətdir. Əgər insanlar günahlarına görə dərhal hesaba çəkilərək cəzalandırılsaydılar, Allahın Quranda bildirdiyi kimi, yer üzündə heç bir canlı qalmazdı:

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsa idi, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət ve¬¬rir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)

Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları (günahlara) görə cəzalandırsa idi, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər. (Kəhf surəsi, 58)

Beləliklə, insanlar səhvləri və ya günahları nə olursa-olsun, hər zaman Allahın razı olduğu qul ola bilərlər. Çünki Allah insanlara hər zaman yeni fürsətlər verir, onlara müxtəlif yollarla xəbərdarlıqlar edir və xatırladır. İnsan həyatı boyu nə qədər yanlış etsə də, din əxlaqından nə qədər uzaq yaşasa da, səmimi olaraq tövbə etsə və səmimi qəlblə Allaha yönəlsə, etdiyi səhvlərini düşünməsinə ehtiyac qalmaz. Əsas olan bu səhvlərindən ibrət alması və həmin səhvləri yenidən etməmək üçün öyüd almasıdır. Allah özlərinə xəbərdarlıq edildikdən sonra doğru yolu tapan səmimi möminləri keçmişlərindən hesaba çəkməyəcəyini Quranda xəbər vermişdir:

...Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə (bu günaha) qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.
(Maidə surəsi, 95)

Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər. (Ənfal surəsi, 38)

Allah bütün insanlara düşünəcək kimsənin düşünə biləcəyi biləcəyi qədər ömür verir. (Fatir surəsi, 37) Onlara özlərini xəbərdar edib qorxudacaq elçilər göndərir və bu elçilər vasitəsi ilə qorxub çəkinməli olduqları şeyləri bildirir. Amma bütün bunlara baxmayaraq, inkar etməkdə israr edənlər də, əlbəttə, etdikləri pisliklərin qarşılığını görəcəklər. Rəhman və Rəhim olan Allahın təzahürlərinin fərqinə varmayan, həyatı boyu özünü əhatə edən təzahürləri təqdir etməyib, həmd etməyən hər insan etdiyi bu nankorluğun qarşılığını alacaqdır. Bu, əlbəttə, Allahın ədalətinin təzahürlərindən biridir. Allah “Məryəm” surəsində belə buyurur:

De: “Qoy ər-Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”. (Məryəm surəsi, 75)