Adamlıq DİNİ

Adamlıq dinində ortaq psixologiya və davranış formaları-4


Adamlıq dinində ortaq psixologiya və davranış formaları-4

9- Adamlıq dinində yaşlılıq psixologiyası

Adamlıq dininin hər yaş kateqoriyası üçün təyin etdiyi hərəkət tərzi vardır. Bunun yazılı mətni və izahı yoxdur. Ancaq insanlar harada yaşayırlarsa yaşasınlar, bunu bilir və bütün təfərrüatı ilə tətbiq edirlər. Məsələn, 50 və ya 60 yaşa çatdıqda həyat tərzlərini, danışıqlarını, paltarlarını, səs tonlarını, üslublarını adamlıq dininin qaydalarına uyğun şəkildə dəyişməli olduqlarına inanırlar.

Bu dəyişikliyin əsas prinsipi dünya nemətlərindən əl çəkmək, şikayət və pessimizmdir. Bu yaşa gələn insanlar həyatdan şikayət etməyə başlayırlar. “Necəsən?” - sualına bu yaşlarda verilən cavab: “Belə də, bildiyin kimi”, - və ya: “Necə olacam, başım xəstəliklərə qarışıb”, - kimi mənfi cavablardır. Çünki həyatdan zövq almağa haqları olmadığına və bu yaşdan sonra bütün nemətlərdən uzaqlaşmalı olduqlarına dair batil inancları vardır.

Xüsusilə qadınlarda menopauza və kişilərdə andropauza dövrləri adamlıq dininə görə davranışın tamamilə dəyişməli olduğu bir dövrdür. Bu dövrə girmiş insanların çoxu bütün gözəllikləri tərk edir. Bədənlərinə qulluq etmir. Həm xarici görünüşlərinə əhəmiyyət vermir, həm də təmizliklərinə diqqət etmirlər. Tünd rəngli geyimlər geyinir, əsasən, qəhvəyi, boz, qara kimi rəngləri seçirlər.

Qırmızı, narıncı, sarı, yaşıl, çəhrayı kimi rənglərə ehtiyac olmadığını düşünürlər. Halbuki, bu, son dərəcə mənasız qaydadır. İnsanlar Allah`ın yaratdığı rənglərdən hər yaşda istifadə edə bilər və bu nemətdən hər yaşda faydalana bilərlər. Bu yaşlarda bəzilərinin davranışları və üslubları da tamamilə dəyişir. Cismən zəif olmadığı halda, çoxları bu yaşda yavaş-yavaş hərəkət edən, cansız olmalı olduğuna inanır. Bu səbəblə, hərəkətləri donuqlaşır, əslində, çox sürətlə danışa bildiyi halda, xüsusilə, aram-aram danışmağa başlayır. Qısası, sürətli şəkildə izah edəcəyi bir mövzunu ağır danışıqla uzun-uzadı izah edir. Bunu yaşlılığının bir əlaməti olaraq hesab edir.

Gəncliyində olduqca enerjili birisi yaşlandıqda birdən sevincini, ümidini, cəldliyini, canlılığını öz iradəsi ilə itirir. Məsələn, gözəl mənzərənin, gözəl insanın, gözəl mahnının və ya özünə göstərilən gözəl münasibətin sevincini və həyəcanını yaşamır. Əksinə, bu anlarda sevinmək yerinə kədərlənir.

Adamlıq dininin bu batil qaydalarına görə, insanlar bu yaşlardan sonra ölümü gözləməyə başlamalıdır. Bu səbəblə, demək olar ki, 60 yaşı olmuş bütün insanların həyatını ölümü gözləyərək keçirdiyini görərsiniz. Bu yaşdan sonra artıq edəcək bir şey qalmadığı inancı hakim olduğu üçün fəaliyyət tamamilə dayanır. Əlbəttə, bu yaşlar ölümün insana çox yaxınlaşdığı və bu həqiqətin unudulmamalı olduğu dövrdür. Ancaq adamlıq dinini yaşayanlar burada da yanılaraq əxlaqlarını gözəlləşdirib Allah`dan çox qorxaraq və Onu çox sevərək ölümə hazırlıq görmürlər. Əksinə, onların böyük bir ağılsızlıqla etdiyi axirəti də görməzlikdən gəlməklə hər şeydən özünü çəkib vaxt öldürmək kimi adlandırılan, yalnız ölümü gözləyərək keçirilən boş həyatdır.

Son dərəcə ağıllı və bacarıqlı birisi yaşlandığından dolayı heç bir şeydən anlamayan, ağır eşidən, ağır düşünən, heç bir şeyi bacara bilməyən adam kimi davranmağa başlayır. Bir çoxları son iyirmi ilini pəncərənin qarşısında oturub çölə tamaşa edir və ya bütün günü televiziya seriallarını izləyir, dünyaya aid bütün gözəlliklərdən əlini üzür. Bunun zərərlərindən biri isə özünü düşünməməyə, hərəkət etməməyə və qabiliyyətlərini işlətməməyə alışdırdıqları üçün zehni fəaliyyətlərinin getdikcə azalması və erkən ağlını itirmələridir. Əlbəttə, belə əxlaqı və həyat tərzini mənimsəyən insanın axirətdəki itkisi daha böyükdür.

Halbuki, doğru olan xəstəliyi olmadığı müddətdə həm cismən, həm də zehnən çalışması, dünyada axirət üçün xeyir işlərə davam etməsidir. Allah bir ayəsində: “Elə ki azad oldun, qalx (dua et)!”  (İnşirah surəsi, 7) - şəklində əmr edir. Şübhəsiz, Allah`ın əmri hər yaşda olan insanlara aiddir.

10- Adamlıq dinində ayrı-seçkilik

Adamlıq dininin ən mühüm xüsusiyyətlərindən biri insanları qiymətləndirmə tərzidir. Bu şeytani dində insanlar, əslində, zəngin və kasıb olaraq iki yerə ayrılırlar. Hər iki qrupda fərqli dünyagörüşü və fərqli davranış tərzləri hakimdir. Zəngin və kasıb insanlara qarşı göstərilən münasibətin fərqliliyi dünyanın demək olar ki, hər yerində eynidir. Amerikalı da bu batil dinin gərəyi olaraq bu cür davranır, rus da, fransız da…

Xülasə olaraq bu münasibət fərqliliyini bu şəkildə sıralaya bilərik:

Özlərindən daha varlı adamlara qarşı cahiliyyə cəmiyyətinin insanları incə və mülayim səs tonu ilə və mümkün olduğu qədər nəzakətli şəkildə danışırlar. Kasıb insana qarşı isə səs tonu təbiiləşir, adamın əsl səsi necədirsə, elə danışmağa başlayır. Danışıq üslubu kobudlaşır, nəzakətli danışığa ehtiyac hiss edilmir. İzah ediləcək mövzu son dərəcə dəqiq və ən qısa şəkildə izah edilir. İş yerində müdirlə danışarkən istifadə edilən səs tonu və iş yerinin çayçısı ilə danışılan üslub arasındakı fərqlilik bu mövzuya açıq nümunədir. Müdirdən mənfəət ehtimalı olduğu üçün işçilər ona dəyər verdiklərini hiss etdirmək məqsədilə mümkün olduğu qədər nəzakətli, təvazökar və hörmətli səs tonundan və üslubdan istifadə edirlər. Ancaq çayçıdan bir mənfəət gözləmədikləri üçün danışarkən ona dəyər verməyən üslubu seçirlər.

Varlı birisi gəldikdə hərəkətlər tələm-tələsik və etinalı olur. Hər şeyin istədiyi kimi olması, hər arzusunun yerinə yetirilməsi, xoşuna gəlməyəcək bir halın baş verməməsi üçün hamı təlaşa düşür. Kasıb  gəldikdə isə heç kim onun varlığına diqqət yetirmir. Son dərəcə sakit və laqeyd davranırlar. Varlı biri içəri daxil olduqda ayağa qalxır, geyimlərini düzəldir, oturuşuqlarına fikir verirlər. Kasıb biri gəldikdə isə ayağa qalxmır, hətta ona baxmırlar.

Zənginə: “Siz”, - deyə xitab edilir. Kasıb adama isə:  “Sən”, - deyirlər. Məsələn, satıcı alış-verişə gələn zəngin müştəriyə mütləq: “Nə arzu edirsiniz”, -deyib nəzakətlə qarşılayır. Ancaq içəri girən müştərinin kasıb olduğunu anlayarsa “nə istəyirsən” kimi alçaldıcı ifadə işlədir.

Zənginə qarşı xüsusi hörmət göstərilir. Zəngin adamın yaşı kiçik olsa belə, ona bir böyüyə göstərilən hörmət göstərilir. Hətta yaşca kiçik olan insanların belə əli öpülür, qalxıb yer verilir. Kasıba isə yaşca böyük olsa belə, uşaq kimi davranılır. “Nə edirsən”, “istəyirsən, de görək” kimi uşaqlara qarşı istifadə edilən ifadələrlə xitab edilir.

Adamlıq dininin insanlara qarşı ayrı-seçkiliyi və bu düşüncənin insanların davranışlarına necə əks olunduğu hər hansı bir mağazaya girdikdə belə açıq şəkildə görünür. Bir mağazaya varlı və məşhur bir müştərinin girdiyini düşünək. Bu müştəri qapıdan içəri girər-girməz bütün işçilərin diqqəti ona yönəlir. Gülər üzlə salamlayıb nə istədiyini soruşurlar. Almaq istədiklərini bir və ya bir neçə satıcı tez gətirib önünə qoyur. O, hələ birinə baxıb qurtarmadan başqasını gətirirlər. Satıcıların üzündə təbəssüm və nəzakət görünür. Həmin müştərinin yanında uşaq varsa, o uşağa xoş sözlər deyərlər. Sevimli və gözəl uşaq olduğunu ifadə edərlər. Uşaq nadinc və dəcəl olsa belə, hər hərəkəti nəzakətlə qarşılanır. Uşaq mağazada nəyə isə toxunub qırarsa, ona əhəmiyyət verməzlər.

İndi də həmin mağazaya kasıb bir müştərinin girdiyini düşünək. Geyim və hərəkətlərindən maddi imkanı olmadığı məlum olduqda onunla mağazada heç kim maraqlanmır. Bir şey soruşmadıqca ona tərəf baxan olmur. Satılan mallara baxmaq istəyərkən son dərəcə laqeyd və ağır hərəkətlərlə istədiyini göstərirlər. Satıcı başqa malları göstərməyə çalışmır. Həmçinin müştərinin istəklərini yerinə yetirərkən üzündə laqeyd və narazı ifadə olur. Müştərinin mağazadan tez çıxmasını istədiyi üçün bir tərəfdən istədiklərini verir, bir tərəfdən də çölə baxır və ya dükandakı başqa birisi ilə söhbət edir. Müştəriyə heç dəyər vermədiyini büruzə etmək üçün yanındakı adamla söhbətinə davam edir. Müştəri uşaqlı olarsa və uşaq nadinclik edərsə, əsəbi şəkildə uşağına diqqət etməsini söyləyir.

Bu nümunə adamlıq dininin insanlara necə fərq qoyduğunu göstərir. Çünki buradakı məntiqi və davranış tərzini kassirdə, xidmətçidə, dərzidə, baqqalda görmək mümkündür. Dünyanın harasına gedirsinizsə gedin, buna bənzər hərəkətlərin din əxlaqından uzaq yaşayan insanlara hakim olduğunu görərsiniz.

Adamlıq dinində birinə hörmət və diqqət göstərmək üçün o adamın müəyyən maddi gücə sahib olması əsasdır. Sərvəti artdıqca adamlıq dininə mənsub olan insanların o adama qarşı hiss etdiyi heyranlıq da ona müvafiq olaraq artır. Məsələn, restorana getdiyinizdə zənginliyi ilə tanınan bir müştəriyə qarşı böyük diqqət göstərildiyini görərsiniz. Hətta əgər ölkənin ən məşhur zənginlərindən biridirsə, böyük ehtimalla pul alınmır. Onun bu restorana gəlməsi şərəf olaraq qəbul edilir və heç bir şəkildə ödəniş etməməyi tələb edilir. Halbuki, kasıb müştərinin hesabı ödəyəcək qədər pulu olmasa, bu, böyük hay-küyə səbəb olur. Pulu çatmadığı üçün danlanır, alçaldılır və oradan qovulur. Yəni zəngin olandan pul istənmədiyi halda, kasıb olanın hesabını qəpiyinə qədər ödəməsini tələb edirlər.

Bu iki insan arasındakı yeganə fərq zənginlikdir. Burada göstərilən hörmət və diqqət də, əslində, zəngin olan şəxsin şəxsiyyətinə və əxlaqına deyil, yalnız pulunadır. Və bu da adamlıq dininin çirkinliklərindən biridir.

İslam dinində isə insanlar yalnız əxlaqlarına görə qiymətləndirilir. Kasıb, amma gözəl əxlaqlı olan insan, zəngin, amma Allah`ın əmrlərinə qarşı çıxan birindən qat-qat daha üstündür. Bu səbəblə, İslam dinində qətiyyən ayrı-seçkilik yoxdur. Zənginliyin, etibarın, gücün deyil, gözəl əxlaqın əsas olduğu anlayış vardır. Allah bir ayəsində belə buyurur:

Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar. (Səba surəsi, 37)

11- Adamlıq dinində dost seçmək meyarları

İslam dinində dost seçərkən yeganə ölçü o adamın əxlaqıdır. Adamlıq dinində isə yoldaş seçmə ölçüsü çox fərqlidir. Hər mədəniyyətin özünəməxsus bəzi qaydaları vardır. Məsələn, “intelligent” olan insan özünə dost seçərkən mütləq özünə bənzər birini seçir. Buna görə, birinci onun xarici görünüşə baxır. Təmiz, ütülü, klassik geyimli birisinin əvəzinə boynuna şərf bağlayan, ayağında sport formalı ayaqqabı olan, təmizliyinə diqqət etməyən, gümüş sep taxan, keçi saqqallı biri ilə dostluq etməyi seçir. Çünki adamlıq dinində bu görünüşün müəyyən mənası vardır. Bu, dünyanı əhəmiyyətsiz hesab edən, əxlaqi dəyərlərə əhəmiyyət verməyən, insanlara dəyər verməyən, başqasının onun işlərinə qarışa bilməyəcəyini və kimsəyə qarşı məsul olmadığını düşünən batil həyat düşüncəsidir.

Bir də dost seçərkən qarşısındakının yalnız maddi vəziyyətinə baxan insanlar da var. Belə bir çevrədə qarşıdakı adamdan dost olub-olmadığını anlamaq üçün birinci paltarının qiymətinə baxırlar. Pencəyin, ayaqqabının, çantanın, ətrin, qol saatının, köynəyin, hətta corabın belə markası son dərəcə əhəmiyyətlidir. Bundan sonra, həmin adamın avtomobilinin olub-olmadığını öyrənmək, əgər avtomobili varsa, markasını öyrənmək vacib sayılır. Bunlar ilk addım üçün lazım olan şərtlərdir. İkinci addımda isə bu adamın ailəsi ilə əlaqəli məlumat əldə etmək lazımdır. Atasının peşəsi, hansı məktəbdə oxuduğu, anasının tanışları, getdiyi gözəllik salonu, tətildə səyahət etdikləri ölkələr, bağ evlərinin harada olduğu, evlərinin harda olduğu və s. kimi xüsusiyyətlər dost olub-olmamaq üçün lazım olan məlumatlardır. Əgər qarşıdakı adam bütün bu mərhələlərdən keçərsə, o zaman bu adamın əxlaqı, xarakteri, inanc və düşüncəsi hər nə olursa olsun, heç fərq etmir, mütləq dost ola biləcək insan kateqoriyasına aid olur.

Bütün bu xüsusiyyətlərə sahib olan, ancaq heç bir mövzuda mədəniyyəti olmayan, son dərəcə kobud, mədəniyyətsiz və ya əxlaqı bəyənilməyən insanlar vardır. Ətrafındakılara lağ edir, həmişə öz mənfəətlərini güdürlər. Üzr istəməyi, səhvlərini qəbul etməyi bilmirlər. Mənfəətlərinə zidd olan hallarda asanlıqla yalan danışır, başqalarının problemləri ilə maraqlanmırlar. Başqalarının rahatlığı, xoşbəxtliyi və ya sağlamlığı üçün hər hansı bir çətinliyə qatlaşmır, fədakarlıq etmirlər. Ancaq buna baxmayaraq, onların ətrafında çoxlu insan olur. Əslində, bu insanların əxlaq pozuntularına baxmayaraq, onlara olan diqqətin yeganə səbəbi adamlıq dininə hakim olan yanlış dəyərlərdir.

Buna görə, cahiliyyə cəmiyyətində maddi vəziyyətləri, ictimai mövqeyi bir-biri ilə eyni olmayan insanlardan ibarət dostluqlar görmək mümkün deyil. Zənginlər mütləq zənginlərlə, orta səviyyəlilər orta səviyyəli insanlarla, mədənilər mədənilərlə, kasıb olanlar isə özlərinə bənzər insanlarla dostluq edirlər.

Quran əxlaqına görə, dostluq və yoldaşlığın ölçüsü bunlardır: insanın səmimiyyəti, gözəl əxlaqı, Allah sevgisi və qorxusu. Möminlər arasında kimin var-dövlətinin nə qədər olduğunun, kimin hansı məktəbin məzunu olduğunun, kimin hansı peşə sahibi olduğunun, kimin hansı səmtdə yaşadığının heç bir mənası və əhəmiyyəti yoxdur. Çünki möminlərin dostluğu bu dünyəvi dəyərlərin heç bir əhəmiyyətinin olmadığı, əsl yurd olan axirətə görə nizamlanır. Bir möminin digər möminə olan sevgisinin və şəfqətinin əsl qaynağı isə Allah`ın o mömindəki təcəllisi, coşğulu Allah sevgisi və dərin Allah qorxusudur.