İnkar edənlər

İstək və həvəslərini ilahlaşdıranlar


İstək və həvəslərini ilahlaşdıranlar

Quran nəfsin pisliyini ifadə etmək üçün çox vaxt "həva" sözündən də istifadə edir. Həva lüğətdə “istək, həvəs, nəfsin arzu və istəyi, şəhvət, şəhvətə qarşı güclü meyil, insanın pozulmasına yol açan bütün mənfi daxili təsirlər" şəklində müəyyən olunur.

İnkarçılar nəfsin bu mənfi tərəfini, yəni həvəsini tək yol göstərici və məqsəd hesab edirlər. Bütün həyatlarını dünyəvi istəklərini gerçəkləşdirmək üçün yaşayırlar. Buna görə də zehinlərini həvəslərini razı salmağa yönəldirlər və dinin insana öyrətdiyi həqiqətləri qavramayacaq vəziyyətə gəlirlər. Allah nəfslərinə tabe olan insanların Quranı və peyğəmbərin təbliğini qavraya bilmədiklərini belə bildirir:

“Onların arasında səni dinləyənlər də var. Nəhayət sənin yanından çıxdıqda özlərinə elm verilmiş kimsələrə istehza ilə deyərlər: “O, bayaq nə deyirdi?” Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş, özləri də nəfslərinə tabe olmuşlar.” (Muhəmməd surəsi, 16)

Nəfsini örtən, nəfsinin fücuruna təslim olan insan hər hadisədə və mühakimədə nəfsinə üz tutar. Doğrularında və yanlışlarına nəfsinin istəklərini meyar kimi qəbul edər. Bu insan artıq öz nəfsinə ibadət etmiş olur. Quranda insanın bu vəziyyətə gəlməsi "öz nəfsini ilahiləşdirən" adlandırılır:

“Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli) elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?” (Casiyə surəsi, 23)

Nəfs və istəklərinə uyğun hərəkət edən və bunun nəticəsində bəsirəti bağlanan insanlar Quranda görməyən və eşitməyənlər olaraq bildirilir. Ağıllı davranan möminlər isə yaxşı ilə pisi ayırd edən fərasətə,  hadisələri analiz etmək qabiliyyətinə və qavrayışına (bəsirətə) sahib olurlar. Quranda nəfsinin istəklərinə tabe olduqları üçün ağıllı davranmaq qabiliyyətlərini itirən insanlar və azğın cəmiyyətlərlə bağlı bir çox ayələr var:

De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”. (Maidə surəsi, 77)

De: “Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram”. (Ənam surəsi, 56)

Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki, məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır! (Ənam surəsi, 119)

Beləliklə, Biz onu (Quranı) ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qurandan) sonra (kafirlərin) nəfslərinin istəklərinə uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz! (Rəd surəsi, 37)

Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? (Furqan surəsi, 43)

Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır! (Nisa surəsi, 135)

Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz. (Rum surəsi, 29)

Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan! (Ta ha surəsi, 16)

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsa idi, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. (Muminun surəsi, 71)

Biz sənə özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsə idi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. Onların aralarında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir. (Maidə surəsi, 48-49)

İnsanları Allahın bildirdiyi kimi din əxlaqını yaşamaqdan uzaqlaşdıran əsas amillərdən biri ağıl və vicdanları ilə deyil, nəfsləri ilə düşünmələridir. Başqa sözlə desək, öz istək və ehtiraslarına görə hərəkət etmələridir. Bu da həmin insanların haqqa deyil, batilə itaət etmələrinə, həm özlərinə, həm də ətraflarına maddi, mənəvi böyük çətinliklər yaratmalarına səbəb olur. Allah Quranda nəfsin insanları həmişə pisliyə yönəltdiyini bildirmişdir.

“...Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (“Yusuf” surəsi, 53)

Başqa bir ayədə isə insanların öz istək və ehtiraslarına tabe olmalarının böyük bəlalara səbəb olacağı belə xəbər verilmişdir:

“Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsa idi, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.” (“Muminun” surəsi, 71)

Hər işində Allaha güvənən insan çox güclü insandır. Bundan üstün bir güc yoxdur və Allah diləmədikcə iman gətirən insana heç bir zərər gələ bilməz. Aciz və möhtac insan üçün Allahın dostluğundan daha üstün güc yoxdur. Buna görə də mömin üçün mal, mülk, vəzifə kimi digər dünyəvi imkanlar heç bir zaman həyatlarının məqsədi olmaz. Bunları ancaq Allahın neməti və Onun yolunda istifadə edilməli imkanlar kimi qiymətləndirir. Bir ayədə belə buyurulur:

“Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir.” (Kəhf surəsi, 46)

Yuxarıdakı ayədə diqqət çəkildiyi kimi qürurlu insanlar üçün uşaqlar da mal-dövlət kimidir, onları göstəriş üçün və öyünmə vasitəsi kimi istifadə edirlər. Sahib olduqları uşaqların hər cür xüsusiyyətlərindən özlərinə pay çıxarır və onlara həyat verənin sanki özləri imiş kimi böyüklənmə hissinə qapılırlar. Övladlarını onlara verilmiş bir nemət və Allahın istədiyi kimi yetişdirilməli bir əmanət olaraq deyil, başqaları ilə rəqabət edəcəkləri bir vasitə kimi görürlər. Buna görə də bu insanlar üçün övladlarının nə yedikləri, nə geyindikləri, hansı məktəbə getdikləri, avtomobil və peşə sahibi olmaları kimi məsələlər çox mühümdür.

İnsanlar arasında geniş yayılmış "nümayiş xəstəliyi" təkcə onların uşaqları ilə məhdudlaşmır. Cəmiyyətin böyük hissəsini təşkil edən bu insanlar yedikləri və içdikləri, geyindikləri, sürdükləri maşınla, yaşadıqları ev və içindəki əşyalarla bir-birlərinə göstəriş edirlər. Maraqlısı budur ki, məqsədləri həyatları boyu etdikləri hər şeyin başqaları tərəfindən təqdir edilməsidir. Qısası, heç kim seçimlərini sağlamlığı, ehtiyacı və ya rahatlığı üçün etmir. Evlərinin dizaynını, sürdükləri maşını, hətta geyimlərinə qədər hər şeyi tərif toplamaq üçün seçirlər. Ətraflarındakı insanların nə deyəcəyi onlar üçün çox əhəmiyyətlidir. Bu da həmişə hərisliyə və daha artığını istəməyə səbəb yaradır. Bəs bu ehtiras insanın nəfsinin istəklərini təmin edə bilirmi?

Allah inkar edən insanın daxilindəki bitib tükənməyən hərisliyi ayələrində bizə bildirmişdir. İnsanın inkarı və qüruru artdıqca nəfsi daha da artığını istəyir. Belə ki, aşağıdakı ayələrdə inkar edən insanın vəziyyəti ən gözəl tərzdə təsvir edilir:

“Məni yaratdığım kimsə ilə tək burax, Mən ona bolluca var-dövlət bağışladım, qayğısına qalan oğullar (verdim) və onu hər cür imkanlarla təmin etdim. (Bunlara baxmayaraq,) o, (yenə də) əlavə etməyimi arzulayır.” (Müddəssir surəsi, 11-15)

Ayələrdə də bildirildiyi kimi, dünya həyatında nəfsin istəkləri heç bitməyəcəyinə görə insan həmişə daha artığını əldə etmək istəyir. Sahib olanadək coşğu ilə istəyir, sahib olduqdan sonra isə dərhal yeni bir şeyin həvəsinə düşür və bütün ömrü boyu belə davam edir. İnsan arzu etdiyi şeyi əldə etdikdə çox xoşbəxt olacağını düşünür, amma ilk bir neçə dəfədən sonra bunun belə olmadığını anlayır. Buna baxmayaraq, daxilindəki hərisliyin təsiri ilə maddiyyat yığmağa və ya daha yaxşısını almağa tamah salır. Məsələn, bir bina evi ala bilmək üçün illərlə çalışır. Ev aldıqdan 1-2 il sonra daha gözəl bir bina evi görür və artıq onu almaq istəyir. Tutaq ki, onu da aldı. Üstündən 3-5 il keçmədən şəxsi evə köçmə xəyalları qurmağa başlayır. Bəs onu aldıqdan sonra nə baş verir? Daha dəbdəbəli, bəlkə hovuzu olan və ya müxtəlif xüsusiyyətlərə malik yeni bir yer istəməyə başlayır...

Ətrafımızda bunun müxtəlif nümunələrini tez-tez görürük. İnsanlar ev, maşın, bağ evi, uşaq deyə-deyə zamanlarını sərf edirlər və ölənə qədər bunlarla vaxt keçirirlər. Əlbəttə,insanın bunları istəməsi normaldır, amma bu istəklərin bütün həyatını istiqamətləndirməsi olduqca mənasızdır. Belə ki, oyun və əyləncə içində bəzi oyunçular bir çox istəyinə çatır, əksəriyyəti isə arzularına çata bilmir və içlərini bürüyən hərisliklə ölürlər.

Hərislik isə əslində çox mənasızdır. Bu, sadəcə dünyanın keçiciliyinə və həyatın bir göz qırpımında tükənməsinə görə deyildir. Dünyanın ən varlı insanlarının həyatlarına baxdıqda görərik ki, onlarla otaqdan ibarət olan malikanəyə sahib olsalar da, eyni anda bütün otaqları istifadə edə bilməyəcəkləri üçün  bir otaqda otururlar. Qarderob dolu paltarları olsa da, eyni anda bircə paltar geyinə bilirlər. Həmçinin hər saat bir paltar dəyişdirsələr də, çox qısa müddət sonra bunlardan da sıxılmağa başlayırlar. Allahın yaratdığı minlərlə növ yeməyə sahib olsalar belə, ən çox 2-3 qab yemək yeyə bilirlər, daha artığını yemək istəsələr, bu onlar üçün işgəncəyə çevrilər. Belə aydın olur ki, insanların davranışlarının çoxu boş tamahdan qaynaqlanır. Halbuki açıq şüurla düşündükdə bunlar nə tamah salınası şeylərdir, nə də ki təkəbbür səbəbi...

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali İmran surəsi, 14)

Unutmaq olmaz ki, insanın sahib olduğu hər şey yalnız Allahın diləməsi ilə mümkündür. Allah bəzi insanları anadangəlmə varlı edir, bəzi insanları isə ömürləri boyunca yoxsulluqla imtahan edir. Ancaq insanın Allahın verdiyi nemətlərə görə böyüklənməsi ağılsızlıqdır. Çünki Allah insanlardan istədiyinə daha çox, istədiyinə isə daha az imkan və ruzi verə bilər. Hər iki hal da dünya həyatında kimin daha yaxşı və gözəl davranışlarda olacağını sınamaq və imtahan etmək üçündür. Bu barədə bir ayədə belə bildirilir:

Allah istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. (Rəd surəsi, 26)

Allahın nazil etdiyi din insanların yaradılışına ən uyğundur. İnsanların məntiqlərinə, mədəniyyətlərinə, təcrübələrinə əsasən etdikləri dəyərləndirmələr isə müxtəlif çətinliklərə səbəb olur. Çünki Quran əxlaqını yaşamayan bir insan hər şeyin öz nəfsinə uyğun olmağını istəyir. Ona əhəmiyyətli olan nəfsinin istəklərinin təmin olunmasıdır, bu vəziyyətin necə nəticələr verəcəyini isə çox vaxt düşünmür. Hətta düşünsə də, nəfsi ona öz istək və ehtiraslarını vacib göstərir. İnsan nəfsinə uyğun hərəkət etdikdə isə daha çox özünə nəzarət etməli və rahat olmalıdır. Quran əxlaqını yaşamayan insanların bu bitib tükənməyən ehtirasları Quranda belə xəbər verilmişdir:

Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır? (Nəcm surəsi, 24)

Bu insanlar nəfsinə zidd vəziyyət yarandıqda isə düşünmədən reaksiyalar verə, qəzəb, inciklik, duyğusallıq kimi Quran əxlaqına uyğun olmayan davranışlar göstərə bilərlər. Bu vəziyyət insanların eqoist, sevgisiz, qürurlu, qeyri-insani rəftarlarına səbəb yaradır. Bu insanlar ən çox özlərini sevirlər. Yaxınlarını, dostlarını və ya ailələrini sevdiklərini iddia etdiklərində də bu sevgi anlayışının mütləq onların nəfslərinə uyğun gəlməlidir. Yəni sevgilərində Allahın razılığını, rəhmətini və cənnətini güdməz, dünyəvi bəzi təmənnalara görə hərəkət edərlər.

Aydındır ki, bütün bunlar ilk öncə insanın özünə zərər verir. İnsan nəfsinin istəklərini davamlı yerinə yetirməyə çalışarkən yorulur və nəfsinin hərisliyinin sıxıntısını yaşayır. Güvənli və rahat olmaq, etidallı olmaq əvəzinə, həmişə narahatlıq və qorxu ilə yaşayır. Sahib olduğu hər şeyin Allahın lütfü olduğunu dərk etmədən hərəkət etdiyi və təvəkkül etmədiyi üçün sahib olduqlarını itirməkdən və ya hadisələr öz istədiyi kimi baş vermədiyindən qorxu keçirir.

Nəfsinə uyğun hərəkət edən insanların ən nəzərə çarpan xüsusiyyətlərindən biri də sevgilərinin çox səthi olmasıdır. Bu insanların sevgiləri bir sıra süni dəyərlərə bağlıdır. Bu dəyərlərin azalması sevgilərinin anidən yox olmasına səbəb olur. Sevgilərində sadiqlik göstərmirlər. Onlara göstərilən sevgi və diqqəti də lazımı şəkildə qiymətləndirmirlər. Ailələrin övladlarından çox vaxt lazımı diqqət  görmədikləri, rahatlıqla həll oluna biləcək problemlər səbəbindən dostluqların anidən sona çatması bunun məşhur nümunələrindəndir. Şübhəsiz ki, bu, iman gətirməyən insanların yaşadığı ən böyük mənəvi bəlalardan biridir. Çünki sevgi Allahın insanlara bəxş etdiyi çox gözəl bir nemətdir. İnsan yaradılışına uyğun olaraq hər zaman sevgi, mərhəmət, duyarlılıq axtarışında olur. Şərtlərin necə olmasından asılı olmayaraq, ömrünün sonuna qədər güvənib sevə biləcəyi dost və yaxınlarınən olmasını istəyir. Nəfsinə uyğun hərəkət edən, Quran əxlaqına uyğun düşünməyən insanlar isə həyatları boyu bu nemətdən məhrum qalacaqlar. Guya sevgi uğrunda mərhəmətdən, şəfqətdən uzaq, səbrin, xoş münasibətin olmadığı, bir çox çətinliyin yaşandığı bir mühit yaradırlar.

Möminlər isə ən çox Allahı sevirlər. Allahın hər şeyi bir xeyir və gözəlliklə yaratdığını, yaşadıqları hər anın bir hikməti olduğunu, qədərlərindəkini izlədiklərini bilərək hərəkət edirlər. Allahın onlara yaşatdığı hər andan razı qalırlar. Rəbbimizin bəxş etdiyi bütün nemətlərə layiqincə şükür edirlər və yalnız Allaha güvənib təvəkkül edirlər. İman gətirənlərin əsl dost və köməkçisi Allahdır. Möminlərin Allaha olan sevgiləri Quranda belə bildirilmişdir:

“İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.” (Bəqərə” surəsi, 165)

Dünyadakı varlıqları sevərkən də bunların Allahın təzahürləri, yaratma sənətindəki gözəlliklər olduğunu bilərək sevirlər. Sevgilərində səbirli, duyarlı və mərhəmətlidirlər. Acizliklər və nöqsanlar qarşılarındakı insana daha çox şəfqətli davranmağa səbəb olur. Dünyadakı hər gözəlliyin bir çox nöqsanlarla birlikdə yaradıldığını, əsl gözəlliyin isə axirətdə olacağını bilirlər. Həyatlarının hər anında olduğu kimi, əsl sevgilərinin də axirətdəki həyatları olduğunu unutmurlar.

Nəfsinin istəkləri insanı bəzi xülyalara salır, gözlərini kor edir. Bu vəziyyətdə olan insan isə sürətlə əbədi fəlakətə doğru irəliləyir. Bu halda göz açıb-yumana qədər qısa olan dünya həyatında bu tələyə düşməmək və hər şeyi Allaha qarşı təkəbbür səbəbi olaraq deyil, şükür etmək üçün istifadə etmək lazımdır. Çünki qiyamət günü malların da, uşaqların da yox olacağı çətin bir gündür. Hər şeyin darmadağın olacağı o din günü həm bunlardan heç bir əsər-əlamət qalmayacaq, həm də Allaha qarşı edilən hər günahın hesabı veriləcək.