İnkar edənlər

Din günündə inkar edənlərin vəziyyəti. Fiziki durumları


Din günündə inkar edənlərin vəziyyəti. Fiziki durumları

Din günündə insanlar yeni bir yaradılışa sahib olacaqlar. Buna görə, möminlərin üzü imanın nuru və gözəlliyini əks etdirərkən kafirlər çirkinləşərlər:

“Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar Allah’ın rəhmətindən qovulmuş kimsələrdən olacaqlar”. (“Qəsəs” surəsi, 42)

Yenə bir çox ayədə o gün inkar edənlərin üzlərini toz, zillət və qaraltı bürüyəcəyi və qapqara olacağı bildirilmişdir:

“O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar!” (“Əbəsə” surəsi, 40-42)

“Sən qiyamət günü Allah’a qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?” (“Zumər” surəsi, 60)

Üzlərdəki bu fiziki çirkinləşmə metafizik bir vəziyyətdir. Allah’ın istədiyi kimi yaşayıb, heysiyyətli bir həyatı seçməyən bu insanlar nəfslərinə uyarkən, əslində, özləri alçalmağı qəbul edirlər. Nəfsə təslim olmağın, vicdana qarşı gəlməyin çirkinliyi və şərəfsizliyi ilə daxili aləmləri böhran keçirir. Elə buna görə, alçalmışlar olaraq cəhənnəmə atılırlar:

“Biz istəsəydik, bunun sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyil saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir, onu qovsan da, dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları onlara danış ki, bəlkə, fikirləşələr”. (“Əraf” surəsi, 176)

Nəfsin kiçik hiylələri qarşısında məğlub olan bu insanlar dünyada təkəbbür göstərməyin qarşılığını axirətdə alçaldılma olaraq alacaqlar. “Ğaşiyə” surəsinin 2-ci ayəsində inkarçıların yalnız fiziki çirkinliklərindən deyil, eyni zamanda, alçaldılmalarından da bəhs edilir:

“O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək”. (“Ğaşiyə” surəsi, 2)

Xəbərdarlıqlara baxmayaraq, ayələri diqqətə almamış, tətbiq etməyə cəhd etməmiş və vəziyyətlərini düzəltməmiş inkarçılar o anda heç gözləmədikləri qədər alçaq və çarəsiz vəziyyətə düşməyin peşmançılığını yaşayacaqlar. Allah’ın ayələrini rədd edib öz həvəslərinə uyğun həyat tərzini seçənlər Quranda təsvir olunan əzaba bu rəftarları ilə layiq olduqlarını sübut edirlər. Bu şəxslərin hesab günündə düşəcəkləri vəziyyət olduqca çətin olacaq. Allah, heç şübhəsiz, haqq ilə hökm etməsi və ədaləti ilə vədlərini gerçəkləşdirəcək.

Ayələrdə belə buyurulur:

“Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda, üzü üstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer cəhənnəmdir. Onun alovu azaldıqca onlar üçün alovu artıracağıq”. (“İsra” surəsi, 97)

“O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?” Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”” (“Taha” surəsi, 125-126)

Quranda kafirlərin, baxışlarını o gün zillətdən aşağı dikəcəkləri belə bildirilir:

“Onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar”. (“Qəmər” surəsi, 7)

Kafirlərin kor və zillətdən yerə dikilmiş gözləri də görünüşlərindəki qorxuncluğu və iyrəncliyi artırır. Gözdəki ifadə və dəhşət verici görüntü o gün inkarçılara verilmiş bir xüsusiyyətdir. Allah “Taha” surəsində bu şəxsləri belə təsvir edir:

“O gün sur üfürüləcək və o gün günahkarları gözləri gömgöy göyərmiş halda, bir yerə toplayacağıq”. (“Taha” surəsi, 102)

Yenə Quranda Allah’ın göndərdiyi elçilərə və ayələrinə qarşı təkəbbür göstərən bu insanların din günü burunları üzərinə damğa vurulacağı bildirilmişdir:

“Biz onun burnuna damğa vuracağıq”. (“Qələm” surəsi, 16)

Bu vəziyyət haqsız yerə təkəbbür göstərən insanlar üçün mühüm alçalma səbəbidir. Burunların xortum olaraq təsvir edilməsi və xortumların üzərinə iyrəncliklərini artıran damğaların vurulması, inkarçıların axirətdəki çirkinliyini və rəzil durumlarını göstərir. Axirətdə olduqca rahat mühitlərdə yaşayacaq möminlərdən fərqli olaraq, inkarçılar davamlı alçalacaqlar. Möminlər və inkarçılar arasındakı bu fərq ayələrdə belə bildirilir:

“O gün (neçə-neçə) üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır. O gün (neçə-neçə) üzlər də tutulub qaralacaq və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir”. (“Qiyamət” surəsi, 22-25)

Nə qaçmaq, nə də gizlənmək imkanları vardır. Allah Quranda görünüşləri ilə dərhal tanınan kafirlərin alınlarından və ayaqlarından tutularaq cəhənnəmə atıldığını belə bildirmişdir:

“Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar”. (“Rəhman” surəsi, 41)