Adamlıq DİNİ

Bərəkətin qarşısını alan böyük maneə: mal yığmaq həvəsi


Bərəkətin qarşısını alan böyük maneə: mal yığmaq həvəsi


Dünyanı itirərlər

Malı yığan və varlı kimi görünən insan, əslində, Allahın ona verdiyi əmanətə sahibdir. Çünki kainatdakı mal və mülkün yeganə sahibi Allahdır və bu mülkü dilədiyi insana dilədiyi qədər və dilədiyi müddətə verər. Bu baxımdan, insanın xəsislik etməsi qeyri-məqbuldur. Bundan əlavə, Rəbbimiz diləsə, insanın yığdığı malıtamamilə əlindən alar. Təbii fəlakətlə insanın malının bir anda itirməsi buna nümunədir. Quranda bu mövzuda nümunə göstərilən insan Qarundur. “…Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi…(Qəsəs surəsi, 76)” ayəsilə Qarunun var-dövləti Quranda bildirilmişdir. Ancaq xəsisliyi ucbatından “Biz onu öz evi ilə birlikdə (yerə) batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi(Qəsəs surəsi, 81)” ayəsilə Qarunun mal və mülkünün Allahın qüdrəti qarşısında ona heç nə qazandırmadığı və nəticədə, dünyanı itirdiyi xəbər verilmişdir. İman gətirməyərək Allahın verdiyi dünya malında xəsislik edənlər ancaq Allahdan gələn fəlakətlərlə yanıldıqlarının fərqinə vararlar. Bu fəlakətlərə fikir verməyib xəsislik etməyə davam etsələr, axirətdəki yurdları Allahın əbədi əzabı ilə dolu olan cəhənnəm olar.

Axirəti itirərlər

İnsan malını yığsa belə, bu maldan faydalanacaq zamanı dünyada yaşayacağı bir neçə on illə məhdudlaşar. Ancaq iman gətirməyən insanlar bu həqiqətin fərqinə vara bilmirlər. Ölümlə dünyanı itirdikləri kimi, axirətdəki sonsuz həyatlarında da malları onlara heç bir fayda verməz, əksinə, dünyada mala həvəslə bağlandıqlarına görə cənnəti itirərlər. Allah Quranda bu həqiqəti belə xəbər vermişdir:

O şəxs ki, mal-dövlət toplayıb onu sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir? (Bu,) Allahın qaladığı Oddur. (Huməzə surəsi, 2-6)


Malı Allah yolunda xərcləmək insana nə qazandırar?

Möminlər ehtiyacı olan insanlara sədəqə verməyin, Allah yolunda zəkat verməyin gözəl nəticələrini həm bu dünyada, həm də axirətdə görərlər. Dünya həyatında qazandıqları bərəkət və Allahın razılığı bunun əvəzidir. Axirətdə isə Rəbbimizin rəhməti və lütfü olaraq cənnəti qazanarlar.

Bolluq və bərəkət qazanarlar

İman gətirməyən insanlar dünyadakı meyarları həmişə səbəb-nəticə prinsipi ilə qiymətləndirdiklərindən mallarını heç kimlə paylaşmadıqlarında, saxlayıb-yığdıqlarında daha dövlətli olacaqlarını zənn edirlər. Ancaq vəziyyət zənn etdikləri kimi deyil. Çünki Allahın Quranda bildirdiyi kimi, Allah yolunda zəkat verən və sədəqə verən möminlərin malları artar, bərəkətli olar. Əslində, möminlərin hədəfi axirət olduğu üçün onlar mallarını verdikləri zaman onun əvəzini bu dünyada gözləməzlər. Ancaq sonsuz lütf sahibi olan Allah saf niyyətlə edilən bu ibadətin əvəzini dünyada bolluq və bərəkət olaraq verər. Quranda Allahın bu mövzu ilə əlaqədar bildirdiyi bir nümunə belədir:

Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da (bəs edər). Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 265)

Allahın razılığını və rəhmətini umarlar

Bütün mülkün Allaha aid olduğunu bilən möminlər malın dünyada ancaq qısa fayda və mənfəət verdiyini, axirətdəki sonsuz həyatın yanında dəyərsiz olduğunu bilirlər. Sahib olduqları malları onlara verənin Allah olduğunu unutmadan, verilən bütün nemətlərə şükür edər və bu malları Allah yolunda xərcləyərək Allaha yaxınlaşmaq üçün bir vasitə kimi istifadə edərlər. Dünyada var-dövlət arxasında qaçmaqdansa, axirətdə onları əsl zənginliyə qovuşduracaq əxlaqı hədəf seçərlər. Belə ki, bu mövzuda bizim üçün ən gözəl nümunə hz. Süleymanın rəftarıdır. Böyük var-dövlətə və mülkə sahib olan hz. Süleyman bu zənginliyi nə məqsədlə istədiyini: “…Mən mal sevgisini Rəbbimin zikrindən dolayı sevirəm… (Sad surəsi, 32)” – sözləri ilə ifadə etmiş və malını Allah yolunda din əxlaqının təbliğ edilməsi üçün istifadə etmişdir.

Cənnəti qazanarlar

Allaha iman gətirən və keçici dünyanın bərbəzəyinə lazımi qədərdən çox əhəmiyyət verməyən, hər şeyin yalnız Allahdan gəldiyini bilən və bu səbəblə mallarını Allah yolunda xərcləyən möminlər Allahın rəhmətini və cənnətini uma bilərlər. Qısa sürən dünya həyatı yerinə sonsuza qədər sürəcək axirət həyatını seçdikləri üçün, əslində, dövlətli olanlar da onlardır. Bütün malını Allah yolunda xərcləyən, dünya həyatı əvəzində axirəti satın alan möminlər keçici dünyanın yerinə sonsuz zənginliyi və qurtuluşu seçərlər. Bir Quran ayəsində möminləri Allah qatında gözləyən gözəl son belə xəbər verilmişdir:

Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 262)