Adamlıq DİNİ

İnsanlar xoşbəxt olmaq varkən niyə əzab çəkirlər?


İnsanlar xoşbəxt olmaq varkən niyə əzab çəkirlər?


İnsanların bir çoxu bütün səylərinə baxmayaraq, həqiqi mənada xoşbəxtliyi yaşaya bilmirlər. Bunun üçün dünya həyatında insanın ağlına gələ biləcək hər yola baş vurur, hər dəfə yeni idealların arxasınca düşür və bunları əldə etdikdə xoşbəxt olacaqlarına inanırlar. Bəzən yaxşı dost və ya rəfiqə axtarışı, bəzən maddi gözləntilər, bəzən də mənəvi istəkləri olur. Bu arzu və istəklərin hər biri istədikləri kimi gerçəkləşsə belə nəticə yenə gözlədikləri kimi olmur. Heç bir şəkildə daimi xoşbəxtliyi əldə edə bilmirlər. Çox vaxt mənəvi aləmlərində yaşadıqları bu narazılığı biruzə verməməyə çalışırlar. Amma nə qədər xoşbəxtlik təqlidi etsələr də, əslində, içdən-içə gizli əzab yaşayırlar.

Halbuki əllərində xoşbəxt olmaq üçün hər cür imkan var. Allah bir ayədə insanlara verdiyi nemətlərlə bağlı olaraq belə buyurur:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18)

Allahın bu ayədə bildirdiyi kimi, insan həyatı boyunca bir-birindən gözəl nemətlərlə qarşılaşır. Allah dünyanı insanın zövq ala biləcəyi müxtəlif nemətlərlə bəzəmişdir. Lakin insanların həqiqi mənada xoşbəxt olmaları üçün nə bütün bu nemətlər, nə də arxasınca qaçdıqları idealları tək başına yetərli deyil. Bu insanların xoşbəxt ola bilməmələrinin səbəbi inanclarındakı yanlışlıqdır.

İnsanların böyük əksəriyyətinin arasında geniş yayılan bir həyat tərzi var. Bu həyat tərzi din əxlaqının olmadığı yerdə mövcud olan şeytanın sistemidir. Bu sistemin əsası qeyri-səmimilikdir. Bu qeyri-səmimilik insanların həyatına elə dərindən işləyib ki, kənardan ən səmimi görünən insanlar, ya da səmimi hesab edilən davranışlar da əslində çox qeyri-səmimi niyyətlərə bağlı ola bilir. Belə ki, bu insanlar ad verə bilməsələr də özləri də yaşadıqları bu sistemdəki yanlışlığın fərqindədirlər. Hər fürsətdə gerçək dostluğu, həqiqi sevgini yaşaya bilmədiklərini, həqiqi mənada güvənə biləcəkləri heç kimlərinin olmadığından, insanların riyakarlığından şikayətlənirlər. Lakin özləri də ətraflarındakı insanlara eyni əxlaqı göstərməkdə əngəl görmürlər. Bu sistemdə hər bir insan etdiklərinin zərərini yenə özü görür. Bu insanlar hər yola əl atdıqları halda, əsl sevinci, rahatlıq və xoşbəxtliyi yaşaya bilmir və bunu da həyatın bir gerçəyi olaraq qəbul edirlər. Yəni onlara görə, həyat onsuz da həqiqi xoşbəxtliyin və əmin-amanlığın daimi olduğu bir yer deyil.

Halbuki bədbəxtlik heç bir şəkildə həyatın bir gerçəyi deyil. Tam əksinə, insanların içərisinə düşdükləri bu sıxıntının həlli çox asandır. Allah Quranda "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır" ayəsi ilə insanlara (Rəd surəsi, 28) həqiqi xoşbəxtliyin yalnız imanla əldə edilə biləcəyini bildirmişdir. İnsanlar ancaq Allahın üzərlərindəki rəhmətini və qorumasını qavradıqları və ancaq iman əxlaqını yaşadıqları təqdirdə, dünya həyatının hər anından zövq ala bilərlər. Ancaq o zaman ətraflarındakı gözəllikləri təqdir edib, xoşbəxt olmağı bacara bilərlər.

Allah, "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" ayəsində (Nəhl surəsi, 97) iman edən qullarını dünyada və axirətdə gözəl həyatla yaşadacağını vəd edib. Məhz Qurana əməl edənlər dünyada və axirətdə uca Allahın vəd etdiyi bu nemətdən istifadə edirlər. 

Amma bu məqamda da insanların göz ardı etməməli olduğu vacib bir həqiqət var. Bu gözəl həyatı yaşaya bilmək, həyatdan və dünya nemətlərindən, Allahın insanlar üçün yaratdığı o qədər gözəllikdən zövq ala bilmək üçün imanın qəlbə həqiqi mənada yerləşməsi lazımdır. Yoxsa insanların yalnız dilləri ilə iman etdiklərini demələri, ya da iman edənlərə yalnız müəyyən istiqamətlərdə bənzəmələri onları içərisində olduqları bədbəxtlikdən xilas etməz. Gerçək xoşbəxtlik üçün qəlbən Allaha tam itaət etmək və həyatın hər anını Quran əxlaqına uyğun şəkildə yaşamaq lazımdır. Əks təqdirdə içdən-içə həyatın hər mərhələsində əzab çəkərlər. Nə qədər xoşbəxt olmaq istəsələr də buna nail ola bilməzlər. Əksinə həyatlarına hüzn, pessimizm, ümidsizlik kimi mənfi cəhətlər hakim olar.

Göründüyü kimi, xoşbəxt olmağın yolu əslində çox asandır. Allah endirdiyi haqq kitab Quranla insanlara xoşbəxtliyin sirrini bildirmişdir. İnsan ancaq öz yaradılışına, Allahın özü üçün müəyyən etdiyi fitrətinə uyğun şəkildə davrandığı təqdirdə gözəl həyat yaşaya bilər. Allahın onlara rəhmət olaraq göstərdiyi bu yoldan üz çevirən, ya da bu yola lazımınca riayət etməyən insanlar öz əlləri ilə özlərinə bədbəxt bir dünya yaratmış olurlar. Allahın "Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər" (Yunus surəsi, 44) ayəsi ilə bildirdiyi kimi, bu insanlar özləri özlərinə əzab verirlər.

Bu insanların yaşadığı bədbəxtlik Allahın Quranda "Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et. O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir. Həqiqətən, zalımlar üçün bundan (başqa) əzab da hazırlanmışdır. Lakin onların çoxu (bunu) bilmir" (Tur surəsi, 45-47) ayələri ilə bildirdiyi həqiqətin baş verməsidir. Allah insanlara etdiklərinin qarşılığını axirətdə verəcəkdir. Ancaq Allah bundan əvvəl dünya həyatında da insanların çoxunun fərqində olmadığı bir əzabın başlayacağını xəbər vermişdir.

Yenə başqa ayədə isə Allah, "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik" hökmü ilə (Taha surəsi, 124) imandan üz döndərənlər üçün dünya həyatında yaşanacaq bir sıxıntıdan və axirətdə alacaqları cavabdan bəhs etmişdir. Allah insanlara bu sıxıntıdan xilas olmağın yolunu da göstərmişdir ki, bu daha əvvəl də bildirildiyi kimi, Allaha qarşı mütləq bir səmimiyyət və dərin imanı yaşamaqla mümkündür.