DİGƏR varlıqlar

Şeytanın əmri: “Düşünməyin”!


Şeytanın əmri: “Düşünməyin”!

 

Düşünmə qabiliyyəti insana qısa dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan ancaq dərin düşünərək Allah`ın sonsuz gücünü, kainatdakı qüsursuz sənətini görə bilər. Düşünən insan dünya üzərindəki hər şeyin bir çox hikmətlə yaradıldığını, ölümün çox yaxın olduğunu və dünya həyatında əsas məsuliyyətlərini qavraya bilər. Quranda bir çox ayədə ancaq düşünən insanların öyüd ala biləcəyi, Allah`ın varlığının dəlillərini görə biləcəyi bildirilmişdir. Necə ki, Quranın nazil edilmə məqsədi “(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik. (Sad surəsi, 29)” ayəsində xəbər verildiyi kimi, insanların dərin düşünmələridir.

Lakin insanların böyük qismi düşünməkdən çəkinirlər. Bəzi insanlar düşünməyin həyatlarına zərər verəcəyinə, onların kefini qaçıracağına inanırlar. Halbuki düşünməmək insanın zehni tamamilə uyuşdurur, bir növ yuxuya aparır. Bu yuxu sanki cadu kimi insana əsas məsuliyyətlərini, nə üçün yaradıldığını, həyatdakı məqsədini, bir gün öləcəyi həqiqətini unutdurur. Bu yuxunun başqa bir növü isə insanların özlərini dünya həyatının gündəlik və təkrarlanan hadislərinin axışına buraxmalarıdır. Bəlkə, bu insanlar gün içində bir çox şeylər düşünən, qərar verən, yaxud da müxtəlif problemlər həll edən insanlar kimi kimi görünürlər. Halbuki düşündükləri şeylər gündəlik boş və səthi işlərdən başqa bir şey deyil. Bu düşüncələrin heç biri insanın yaradılış məqsədi, dünya həyatının keçici olduğu və hər canlının bir gün torpaq olacağı ilə əlaqədar deyil. Əzbərlənmiş, öyrədilmiş, qəliblənmiş, vərdiş edilmiş hərəkət, söhbət və davranışlar insanların bütün fikirlərini o qədər keyləşdirir ki, özləri üçün həyati əhəmiyyətə malik həqiqətlər üzərində düşünməyi lazım bilmirlər.

Ancaq bu böyük səhvdir, çünki dünyadakı hər şey bir məqsədlə xəlq edilmişdir. Allah kainatdakı hər şeyi insanların üzərində düşünmələri üçün yaratmışdır. Necə ki, Allah Quranda, “…Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur... (Mülk surəsi, 2)” ayəsi ilə insanı nə üçün yaratdığını bildirmişdir. İnsan qısa dünya həyatı boyunca bütün etdikləri ilə sınanırlar. İnsanın özünü yaradan və ölümündən sonra təkrar dirildib hesaba çəkəcək olan Allah`a qarşı böyük məsuliyyəti vardır. Quranı oxumaq, dinləmək, ayələr üzərində düşünmək və anlayıb tətbiq etmək də iman gətirən insanın ən öndə gələn vəzifələrindən bir neçəsidir. Allah bu həqiqətə “Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?(Muminun surəsi, 68) ayəsi ilə diqqət çəkir.

Düşünən insan kainatdakı bu qədər incə və qüsursuz dizayn nümunələrinin təsadüfən meydana gələ bilməyəcəyi, var olan hər şeyin yaradıcısı olduğu qənaətinə gələcək. Ətrafındakı yaradılış möcüzələrini dərin-dərin düşündükcə Allah`ın varlığının dəlillərini, Onun yaratdığı məxluqatdakı hikmətləri görərək Allah`a təslim olacaq və yalnız Onun rizasını qazanmaq üçün yaşayacaq. Bu həqiqəti bilən şeytan insanların qəflət içində həyat sürmələrini, Allah`ın ayələrindən uzaq həyat yaşamalarını, bunun üçün də düşünməməklərini istəyir. Allah şeytanın bu hədəfini belə bildirir:

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm…” (Əraf surəsi, 16-17)

Şeytan bu son hədəfinə çatmaq üçün insanları qəflətə düşürən xüsusi mühitlər hazırlayır. Belə ki, insanların zəif yönlərindən istifadə edib incə planlar qurur, ssenarilər hazırlayır, bunları insan nəfsinin ən çox xoşlayacağı və ən çox zövq alacağı hala gətirməyə çalışır. Dindən uzaq insanlar da belə mühitlərdə iman gətirənlərin əksinə olaraq Allah`ı unudub, axirəti heç düşünmədən qəflət halında yaşayırlar.

Qəflətə qapılıb həqiqətlərdən qaçan insan ölüm mələklərini heç gözləmədiyi bir anda qarşısında gördükdə isə artıq hər şey çox gec olur. Çünki insan dünya həyatını boş əməllərlə, çirkin davranışlarla keçirmiş və Quran ayələrini düşünməkdən üz çevirmişdir. Düşünməmək üçün müxtəlif üsullar sınamış, şeytanın oyunlarına aldanmışdır. Halbuki ölümü, həyatın keçiciliyini, Allah`a qarşı məsuliyyətlərini düşünən bir insanın belə qafil hala düşməsi mümkün deyil. Allah`ın hər an canını ala biləcəyini bilən, ölümün nə qədər yaxın olduğunun fərqində olan, ağzından çıxan hər sözdən, ağlından keçən hər düşüncədən və etdiyi hər hərəkətdən hesaba çəkiləcəyinin şüurunda olan insan hansı mühitdə olsa da, bu gerçəkləri unutmaz, ağlından çıxarmaz və qəflətə qapılmaz.

Unutmaq olmaz ki, bir məkanda Quran əxlaqına uyğun yaşayana da, həddini aşan bir insana da ölüm eyni yaxınlıqdadır. Bəlkə də, o insan çölə çıxar-çıxmaz ölüm mələkləri ilə qarşılaşacaq, heç gözləmədiyi anda özünü hesab verdiyi halda görəcək.

Ölüm insana bu qədər yaxın ikən insanların qəflət içində həyatına davam etməsi əyləci sıradan çıxmış yük maşınının sürətlə üstünə gəlməsini gördüyü, vurub onu parçalayacağını bildiyi və imkanı olduğu halda, qarşısından çəkilməməyə bənzəyir. İnsan ömrü boyu yüzlərlə, minlərlə xətalar sərgiləsə və hətta bütün həyatını qəflət içərisində keçirsə də, ölüm mələkləri canını alarkən bütün yaşadıqlarını geridə buraxacaq. Əgər insan bütüm zamanını Allah`ın varlığından qafil halda keçirmişsə, o gün cahiliyyə cəmiyyətlərində “dünyanı doya-doya yaşamaq” tərzinin özünə itkidən başqa bir şey gətirmədiyini dərk edəcək. Allah`ı və hesab gününü unutduğu üçün, etdiyi hər cür hərəkətin peşmanlığını yaşayacaq. Allah Quranda inkarçıların qəflət halında özlərinə gələn xatırlatmalara verdikləri reaksiyaları belə bildirmişdir:

“İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində (imandan) üz çevirirlər. Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar, qəlbləri qəflət içində qaldığı halda...“(Ənbiya surəsi, 1-3)