İnsan ruhu

İnsan istəsə, ruh gücünü Allahın izni ilə artıra bilər


İnsan istəsə, ruh gücünü Allahın izni ilə artıra bilər

İnsanın əxlaqı, xarakteri, özünəməxsus xüsusiyyətləri, zövq və bacarıqları ruhunda formalaşır. İnsan istəsə, ruh gücünü Allahın izni ilə artıra bilər.

Bu mövzuda insanın yolu açıqdır. Qərarlı və iradəli davranıb səbirli olarsa, iman və əxlaq dərinliyi yüksək səviyyəyə çatar. Əvvəl heç bilmədiyi, heç yaşamadığı ruh gücü və ruh zənginliyi əldə edər.

Ancaq əvvəlcə bu həqiqətə tam şəkildə iman gətirməli, bu mövzuda çox şövqlü və istəkli olmalı, bunu tətbiq etmək üçün iradə göstərməlidir.

Bu qərarı verdikdən sonra ruhunu dərinləşdirmək, əxlaqını gözəlləşdirmək, xarakterini düzəltmək üçün bəzi addımlar atmalıdır.

İlk növbədə, insan müəyyən hədəflər seçməli, çətin olsa da, bunları tətbiq edə bildiyini, nəfsinə, ruhuna və bədəninə söz keçirə bildiyini özünə göstərməlidir. Qərar verdiyi bir mövzunu həyata keçirməkdə zəiflik göstərmədiyini, iradə göstərə bildiyini və qərarlı olduğunu özünə sübut etməlidir. Bu hədəflər müəyyən müddət rejim saxlamaq, idman etmək, ya da 24 saat yorulmadan işləmək kimi fiziki fəaliyyətlər ola bilər. Burada əhəmiyyətli olan cəhət ondan ibarətdir ki, insan iradə göstərməyə, verdiyi qərarı tətbiq etməyə və əzm göstərməyə alışsın.

Bu mərhələdən sonra isə bədəni ilə birlikdə ruhuna da söz keçirməyə çalışmalıdır. Yenə özünə müəyyən hədəflər seçməli, beynini bu hədəfləri tətbiq etməyə yönəltməlidir. Bunlar heç vaxt hirslənməmək, gözəl səs tonu ilə danışmaq, əsaslı və anlaşılan tərzdə danışmaq kimi hədəflər ola bilər. İnsan şən olmağa, hər şeyə yaxşı niyyətlə baxmağa və bu baxış prizmasını həyat formasına çevirməyə qərar verə bilər. Ətrafındakı insanların rahatlığını və xoşbəxtliyini hədəfləyə bilər, özündən çox başqalarını düşünən insan ola bilər. Ruhunu və bədənini bu qərarları tətbiq etməyə məcbur edə bilər.

İnsan Allahın izni, lütfü və köməyi ilə diqqətli, iradəli və qərarlı cəhdlə bir neçə gündə çox böyük nəticələr əldə edə bilər. Hər dəfə bir nəticə əldə etdikdə bir daha niyyət edərək daha dərin ruhi hala çatıb, daha dərin ruh gücü əldə edə bilər.

İnsanın ruhundakı hər dərinləşmə isə Allahı tanıyıb təqdir etməsinə, Rəbbimizi daha dərin eşq və sevgi ilə sevməsinə və daha dərin hörmətlə qorxub-çəkinməsinə vəsilə olacaq. Nəticədə, Allahın yaratdığı gözəllikləri, dərin mənaları, dərin işarələri daha aydın görəcək və daha çox sevəcək.

Bundan başqa, insan ruhunda meydana gələn müsbət dəyişikliklərdən özü də zövq alar. Həyata, dünyaya, hadisələrə və insanlara daha gözəl ruhi hal ilə yanaşmasının nəticəsində rahat və gözəl yaşayar. Yaşadığı gözəl əxlaqa görə, Allah insanların qəlbində o insana qarşı sevgi, şəfqət, hörmət və mehribanlıq yaradar.

Dünyada əldə etdiyi bu nəticələrlə yanaşı, Allah Öz rizası üçün bu cür səmimi və qərarlı cəhd göstərən qullarına, inşaAllah, axirətdə də nemətlərin ən gözəlini yaradacaqdır.