Allahın İSİMLƏRİ

MALİKİ-YƏVMUD-DİN (Din gününün sahibi)


MALİKİ-YƏVMUD-DİN  (Din gününün sahibi)

Din gününün Malikidir. (Fatihə surəsi, 3)

İnsanların öldükdən sonra diriləcəkləri, bir yerə yığışaraq hesab verəcəkləri gün din günüdür. O gün insanın başqaları ilə, hətta öz anası, atası, yoldaşı və uşaqları ilə belə maraqlanmağa nə halı, nə fürsəti var. Din gününün şiddəti və fövqəladə qorxusu hər kəsi öz dərdinə salmışdır. Allah o diriliş gününü, digər adı ilə din gününü Quranda belə təsvir edir:

 Sən haradan biləydin ki, haqq-hesab günü nədir? Doğrudan da sən haradan biləydin ki, haqq-hesab günü nədir? O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allah’a məxsus olacaqdır! (İnfitar surəsi, 17-19)

O gün dünya həyatında insanın ən çox dəyər verdiyi şeylərin Allah’ın əzabı qarşısında heç bir əhəmiyyəti yoxdur. Artıq insanlar arasındakı dünyəvi yaxınlıqların, qohumluqların heç bir mənası qalmayıb. Tək dəyər insanın imanıdır. Heç kim heç kimə kömək edə bilməz. İçində olduğu bu çətin vəziyyətdən onu ancaq Allah qurtara bilər. O da yenə Allah’ın diləməsinə bağlıdır.

İnsan din gününün tək sahibi olan Allah’ın hüzurunda ilk yaradıldığı kimi təkdir. Dünyadakı həyatı ərzində hər etdiyi, hər düşündüyü din günündə qarşısına çıxmışdır. Ən kiçik bir detal belə unudulmamışdır. Allah əzəmət və şanına yaraşan bir mühit yaratmış və yaratdığı qullarını sorğu-suala tutmuşdur. Ancaq kimi diləyərsə, onu rəhməti ilə qurtarar.

İnkarçıların çox böyük peşmanlıq yaşadığı bu gün möminlər şən və sevinclidirlər.

... O gün Allah peyğəmbəri və onunla birlikdə iman edənləri utandırmayacaq... (Təhrim surəsi, 8)

Çünki Allah Quranda elçilərinə və iman edənlərə həm dünya həyatında, həm də şahidlərin (şahidlik üçün) gətiriləcəkləri gün kömək edəcəyini vəd etmişdir.

O günün tək sahibi Allah’dır və əmr Onundur. Ayələrdə belə buyurulur:

 Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən görməyə başlayacaqlar. (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, haqq-hesab günüdür!” (Onlara deyiləcək:) “Bu, yalan saydığınız ayırd etmə günüdür!” (Saffat surəsi, 19-21)

 O gün yalan hesab edənlərin vay halına! O kəslərin ki, haqq-hesab gününü yalan hesab edirlər. (Amma) bunu həddini aşan günahkardan başqa heç kəs yalan hesab etməz. (Mutəffifin surəsi, 10-12)

 

 Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd nə vaxt yerinə yetəcək?” – deyərlər. Onlar bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli səsə bənddirlər. Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər! Sur çalınan kimi qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Onlara deyiləcək:) “Bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!” Yalnız bir dəhşətli səs qopan kimi onlar hamısı qarşımızda hazır duracaqlar. (Yasin surəsi, 48-53)