Quran möcüzələrİ

Hz. Musa və dənizin yarılması


Hz. Musa və dənizin yarılması

 

Firon kimi tanınan Misir hökmdarları qədim Misirin çox tanrılı batil dinində tanrı olaraq qəbul edilirdilər. Allah həm Misir xalqının haqq dinin yerinə batil bir sistemi mənimsədiyi, həm də İsrail oğullarını qul halına saldığı bir dövrdə hz. Musanı Öz elçisi olaraq Misir xalqına göndərmişdi. Ancaq başda firon və ətrafı olmaqla qədim misirlilər hz. Musanın haqq dinə dəvətinə baxmayaraq, bütpərəst inancından əl çəkmirdi. Hz. Musa firona və onun yaxın ətrafına nələrdən çəkinməli olduqlarını bildirmiş və onları Allah`ın əzabı haqda agah etmişdi. Bunun əvəzində onlar üsyan edib hz. Musanı dəlilik, sehrbazlıq və yalançılıqda günahlandırmışdılar. Firona və qövmünə çoxsaylı bəlalar verilsə də, onlar Allah`a təslim olmamış, Allah`ı tək olaraq tanrı qəbul etməmişdilər. Hətta başlarına gələnləri hz. Musanın ucbatından olduğunu iddia edərək, onu Misirdən çıxarmaq istəmişdilər. Allah Quranda hz. Musa və onunla birlikdə olan möminlərə belə buyurur: 

«Musaya belə vəhy etdik: Bəndələrimlə birlikdə gecə yola çıx. Siz, şübhəsiz ki, təqib ediləcəksiniz!" Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. (O, belə deyirdi:) "Şübhəsiz ki, bunlar kiçik bir tayfadır! Onlar bizə qarşı qəzəblidirlər. Biz isə ayıq-sayıq bir camaatıq!" Nəhayət, Biz onları (fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq, xəzinələrdən və gözəl yerdən kənar etdik. Onları beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Firon və əsgərləri) günəş doğduqda onların arxasınca düşdülər». (Şüəra surəsi, 52-60) 

Quranda bildirildiyi kimi, bu təqib nəticəsində hər iki tərəf qarşılaşdıqları ərəfədə Allah dənizi yararaq hz. Musanı və onunla birlikdə iman gətirənləri xilas etmiş, firon və qövmünü isə həlak etmişdir. Allah`ın iman gətirənlərə bu yardımı Quranda belə bildirilir: 

«Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" Dəniz dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu. O biriləri də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri isə suya qərq etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!» (Şüəra surəsi, 63-68) 

Bu məsələ haqqında yaxın keçmişdə tapılan fironun dövrünə aid olan papiruslarda belə bir məqama rast gəlirik: 

«Sarayın ağ otağının mühafizəçisi, kitablarının rəisi Amenamonidən katib Petterhora: 

Bu məktub əlinizə çatan kimi və nöqtəsinə kimi oxunanda ürəyinə təsir edəcək bir halda olan müəllim fəlakəti, girdaba qərq olmaq, fəlakətlərini öyrənərək ürəyini qasırğa qarşısında yarpaq kimi ən şiddətli iztiraba təslim et... 

...Müsibət, şiddətli zərurət birdən-birə onu zəbt etdi. Sular içində yuxu, canlını yazıq bir şey etdi... Rəislərin ölümünü, qövmlərin böyüyünün, nəğmələrin və qərblilərin hökmdarının məhv olmasını təsvir et. Sənə göndərdiyim xəbər hansı xəbərlə müqayisə edilə bilər?»
 

Quranda keçmişlə bağlı bildirilən hadisələrin günümüzdə tarixi sübutlarla aydınlaşdırılması, əlbəttə ki, Quranın çox mühüm möcüzəsidir (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Həzrəti Musa»).

Hz. Musa və İsrail oğullarının Qırmızı dənizdən keçərkən yaşadıqları bu möcüzə bir çox tədqiqatların mövzusu olub. Aparılan arxeoloji araşdırmalarda Misirdən çıxandan sonra Qırmızı dənizə kimi təqib edilən yolla yanaşı, fironla hz. Musa və qövmünün qarşı-qarşıya gəldiyi yerin coğrafi baxımdan dağlarla əhatəli bir məkanda olduğu da müəyyən edilib (ən doğrusunu Allah bilir). 

Bu məlumatlara istinad edən alimlər bir çox araşdırma və incələmələrdən sonra dənizin iki yerə necə ayrılması məsələsində çox maraqlı nəticələrlə üzləşdilər. Tədqiqatların nəticələri Quranda xəbər verilən hadisə ilə tamamilə uyğun idi. 

Naum Volzinger və Aleksey Androsov adlı iki rus riyaziyyatçısı hz. Musanın Qırmızı dənizi ortadan iki yerə ayırmasının mümkün olduğunu riyazi yolla sübut etdilər. Rus riyaziyyatçıları bu möcüzənin ehtimal hesabı üzərində dayanan alimlərin əksinə olaraq, möcüzəni yarada biləcək şərtləri incələdi və bu araşdırma onlara möcüzəni təsdiq edən nəticələr verdi. 

Rusiya Elmlər Akademiyasının bülletenində bu alimlərin açıqlamalarına görə, Qırmızı dənizdə həmin dövrlər dənizin səthinə yaxın nəhəng bir qayalıq var idi. Bunu əsas götürən alimlər qayalığın su səviyyəsinin üstündə qalmasını təmin edəcək fırtınanın gücünü və küləyin sürətini müəyyən etməyə çalışdılar. Araşdırmalar nəticəsində aydın oldu ki, sürəti saniyədə 30 metrə çatan bir külək dənizin çəkilərək qayalığı su səviyyəsinin üstündə tutmasını təmin edə bilər. Rusiyanın Okeanoqrafiya İnstitutunun əməkdaşı olan Naum Volzinger belə olan təqdirdə sayı 600 minə çatan yəhudilərin 7 km uzunluqdakı qayaları təqib edərək 4 saata qarşı sahilə çata biləcəyi qənaətinə gəldiklərini bildirdi. O, yəhudilərin keçməsindən yarım saat sonra isə qayaların təkrarən su altında qaldığını və onların arxasınca gələn misirlilərin də burada boğulduğunu söylədi.222 N.Volzinger A. Androsovla birlikdə İsaak Nyutonun bu sözünə istinad edərək bu araşdırmaya başladıqlarını ifadə etmişdi: «Allah`ın dünyanı fizika qanunları ilə idarə etdiyinə inandım». 

Yaddan çıxarılmamalıdır ki, bu təbiət hadisəsinin həmişə olmaq ehtimalı var. Allah`ın istəyi ilə küləyin sürəti, yeri və zamanı kimi şərtlər lazım olduğu şəkildə həyata keçəndə bu möcüzə təkrarən baş verə bilər. Ancaq buradakı əsl möcüzəli məqam bu hadisələrin hz. Musanın və İsrail oğullarının tam məğlub olacaqları bir anda baş verməsidir. Hz. Musanın və onunla birgə olan qövmün keçəcəyi əsnada suların çəkilməsi, firon və ordusu keçərkən isə suların təkrar qalxması Allah`ın möminlərə yardımının aşkar bir nümunəsidir. Həmçinin hz. Musa bu çətin anda Allah`a güvənərək çox gözəl əxlaq nümunəsi nümayiş etdirmişdir: 

«İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: "Artıq yaxalandıq!" (Musa) dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!"» (Şuəra surəsi, 61-62)