İman HƏQİQƏTLƏRİ

Balıqların tənəffüs sistemindəki qüsursuz detallar


Balıqların tənəffüs sistemindəki qüsursuz detallar

Qəlsəmələrdəki yaradılış xüsusiyyətləri nələrdir?
Balıqlardakı hava kisələri hansı funksiyalar üçün yaradılmışdır?
Balıqların onurğasız dəniz canlılarından təkamül etməsi niyə qeyri-mümkündür?


450 milyon ildən bəri dənizlərdə üzən balıqlar, eləcə də bütün dəniz canlıları suda yaşamağa uyğun yaradılmışdır. Allah bütün balıq növlərini tənəffüs etməsi üçün qüsursuz xüsusiyyətlərlə yaratmışdır. Balıqlar ağızlarından daxil olan suyu qəlsəmələrinin arasından keçirir, beləliklə, sudakı oksigeni alıb, karbondioksidi bədənindən xaric edərək tənəffüs edirlər. Balıqların tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs və qanla toxumalar arasındakı daxili tənəffüs olmaqla, 2 hissədən ibarətdir.


Balıqların tənəffüs orqanı xüsusi inkişaf etmiş qəlsəmələrdir. Bu qəlsəmələr sümüklü balıqlarda 4 qəlsəmə qövsü üzərində, lampiridlərdə isə 7 qəlsəmə qövsü üzərində yerləşir. Qəlsəmə boşluğunda yerləşən qəlsəmələr, əsasən, “operkulum” (qəlsəmə qapağı) adlı bir örtüklə qorunur. Qəlsəmə yarığında növünə görə böyüklüyü və sayı bir-birindən fərqli olan qəlsəmə dişcikləri (branchiospin), əks tərəfdə isə kapilyarlarla örtülü qəlsəmə üzgəcləri mövcuddur.


Qəlsəmələr balıqların tənəffüsünü asanlaşdıran xüsusi sistemlərdir


Balıqların yaşadığı sularda az miqdarda həll olmuş oksigen olur. Bir litr səthə yaxın dəniz suyunda təxminən 5 ml oksigen var. İnsanın tənəffüs etdiyi havanın bir litrində isə 210 ml oksigen olur. Müqayisə etsək, əgər insan suyun altında tənəffüs edə bilsə idi, lazımi oksigeni əldə etmək üçün dəqiqədə 450 dəfə nəfəs almalı idi. Məhz bu mühüm fərqə görə Allah balıqlarda sudakı az miqdarda olan oksigeni əldə etmək üçün xüsusi sistem yaratmışdır.


Qəlsəmələr minlərlə qəlsəmə lifindən təşkil olunub. Hər bir qəlsəmə yarığının içi oyuqdur və nazik qan damarları ilə örtülüdür. Bu damarlar daha kiçik damarlara ayrılır. Qəlsəmələrin ikiqat lövhələrdən ibarət quruluşu oksigen daşıyan damar torunun sahəsini daha da genişləndirir. Belə ki, qəlsəmələrin səthinin sahəsi normal heyvanlarınkından on dəfə böyükdür. Sudan çıxan balığın boğulmaması havadakı oksigenlə tənəffüs edə bilməməyindən daha çox qəlsəmə yarıqlarının daxilə doğru çökməsi və tənəffüs üçün kifayət qədər sahənin qalmaması ilə əlaqədardır. 
Qəlsəmələr ağciyər rolunu oynayır


Balıqlarda oksigen məməlilərdəki kimi birbaşa ağciyərlərə daxil olmur. Qəlsəmələrə daxil olan sudakı oksigen buradakı nazik damarlardan qana keçir. Balıqların qan dövranı da məməlilərdəkindən fərqlidir. Məsələn, insanda ürək 4 kameralı olduğu halda, balıqlarda iki kameralıdır. Bunun səbəbi balıqlarda qanın bir istiqamətli hərəkətidir. Qan ürəyə bir damardan daxil olur və qəlsəmə istiqamətində ürəkdən çıxır. Qəlsəmələr qanın ətrafındakı sudan oksigeni toplayır və bədənə daşıyır. İstifadə olunmuş oksigen ürəyə qayıdır. Qan qəlsəmə liflərinin arasında suyun əksi istiqamətdə hərəkət edir. Bu, sudakı bütün oksigenin qana keçməsi üçün çox vacibdir. Əgər qan su ilə eyni istiqamətdə hərəkət etsə idi, sudakı oksigenin yalnız yarısı qana keçərdi. Qan və sudakı oksigen müəyyən səviyyəyə çatdıqda qan oksigen qəbulunu dayandırardı. Ancaq qanla suyun əks istiqamətlərdə hərəkəti sayəsində oksigenin qəbulu hər zaman mükəmməl nizam içərisində həyata keçir; suda qandakından daha çox oksigen var və sudakı oksigenin 50%-dən çoxu qana qarışdıqdan sonra belə oksigen ötürülməsi davam edir. Bu sistem sayəsində balıq 80-90% daha çox oksigenlə təmin olunur.
Qəlsəmələrdəki kapilyarların mühüm funksiyası


Xarici tənəffüs, yəni suda həll olmuş oksigenin qana və qandakı karbondioksidin (CO2) suya keçməsi (qazlar mübadiləsi) qəlsəmə lövhələrindəki kapilyarlar vasitəsilə həyata keçir. Hər qəlsəmə qövsündə lamellər (incə lövhələr) cüt şəkildə sıra ilə düzülüdür. Qəlsəmələr daim su ilə təmasda olmalıdırlar. Buna görə də balıqlar tez-tez ağızlarını açıb-bağlayırlar. Bu zaman qəlsəmə qapaqları da su sirkulyasiyasını təmin etmək üçün mütəmadi olaraq açılıb-bağlanır.


Balıqlar Allahın xüsusi olaraq yaratdığı canlılardır


Təkamülçülər Kembri dövründə ortaya çıxan onurğasız dəniz canlılarının milyonlarla il ərzində təkamül keçirərək balıqlara çevrildiyini iddia edirlər. Lakin Kembri dövrünün onurğasız canlılarının heç bir əcdadı yoxdur, həmçinin bu canlılarla balıqlar arasında təkamülü sübuta yetirən keçid forma da mövcud deyil. Halbuki skeleti olmayan və sərt toxumaları bədənlərini xaricdən əhatə edən onurğasızların sərt toxumaları bədənlərinin ortasından keçən balıqlara çevrilməsi çox böyük prosesdir və əgər belə bir proses baş versə idi, xeyli sayda keçid forma mövcud olmalı idi. Lakin fosil qeydləri bütün balıq növlərinin heç bir əcdadının olmadığını və bir anda ortaya çıxdıqlarını sübut edir. Təkamülçülər 150 ildir ki, bu xəyali keçid formalarını tapmaq üçün fosil təbəqələrini axtarmağa davam edir, lakin bircə dənə belə keçid forma tapa bilmirlər.


Milyonlarla onurğasız canlı fosili, milyonlarla balıq fosili tapıldığı halda, heç kim bir dənə belə keçid forma tapa bilməyib. Təkamülçü paleontoloq Gerald T.Todd “Sümüklü balıqların təkamülü” adlı məqaləsində təkamülçülərin bu həqiqət qarşısındakı çarəsizliyini belə dilə gətirir:


“Sümüklü balıqların hər 3 sinfi də fosil təbəqələrində eyni anda və birdən-birə ortaya çıxmışdır... Bəs bunların mənşəyi nədir? Bu qədər fərqli və mürəkkəb canlıları meydana gətirən nədir? Niyə onların təkamül keçirmiş əcdadlarından heç bir əsər-əlamət yoxdur?” (Gerald T. Todd, “Evolution of the Lung and the Origin of Bony Fishes: A Casual Relationship”, American Zoologist,  26-cı cild, nöm. 4, 1980, səh.757)


Fosillər bütün canlılar kimi, balıqların da anidən və fərqli quruluşla ortaya çıxdığını göstərir. Balıqlar heç bir təkamül keçirmədən, qüsursuz anatomiyaları ilə bir anda yaradılmışlar. Allah qüdrət sahibi Yaradandır. Quran ayələrində Allahın sonsuz yaratma gücünə diqqət çəkilir:


"Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün (elə) bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər." (İsra surəsi, 99)


Hava kisələri balıqların yaşaması üçün lazımi orqanlardır


Yalnız onurğasının xüsusi formada olması balığın üzməsi üçün kifayət deyil. Çünki balıq suda yalnız irəli-geri hərəkət etmir. Əgər balıq suda aşağı-yuxarı da hərəkət etməsə, yaşaya bilməz. Balığın daxili təzyiqi ilə sudakı təzyiq tarazlıq təşkil edərsə, sabit dərinlikdə qala bilər. Lakin sudakı təzyiq az olarsa, balıq suyun səthinə doğru qalxır, çox olarsa, dərinliyə doğru enir. Bir çox balıq növlərində bu tarazlığı tənzimləyən hava kisələri mövcuddur. Kisələri hava ilə doldurduqda asanlıqla suyun dərinliklərinə enir, boşaltdıqda isə suyun səthinə doğru qalxır. Balıq dərinliyə endikdə suyun onun üzərindəki fiziki təsiri də dəyişir və hava kisələrinin ikinci həyati əhəmiyyəti ortaya çıxır: balıq hava kisəsindəki qazı doldurub boşaltmaqla sudakı tarazlığını tənzimləyə bilir.


Bəzi balıqlarda bu kisələr başqa funksiyalar da yerinə yetirir: balığın çıxardığı səsi artırır, qulağın eşitmə qabiliyyətini gücləndirir. Qulağa bağlanan üzmə kisəsi həkimlərin istifadə etdiyi stetoskop kimi mexaniki səsucaldan funksiyası yerinə yetirir.


Canlılarda müəyyən məqsədlə var edilən qüsursuz nizamın təsadüflər nəticəsində ortaya çıxdığını düşünmək ağıl və məntiqə ziddir. Hazırda mövcud olan və yüzlərlə il əvvəl yaşamış bütün canlılar Allahın sonsuz elmini, yaratmasındakı müxtəlifliyi və ehtişamı gözlər önünə sərir. Bu mükəmməl yaradılışı qulaqardına vuranlar isə Rəbbimizin sonsuz gücünü lazımınca qiymətləndirə bilməyənlərdir. Allah Quranda bu insanlardan belə bəhs edir:


"Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!" (Həcc surəsi, 74)
 
Rəbbimiz balıqların bədənindəki hər bir detalı hikmətlə yaratmışdır


Balıqların bədənində mövcud olan sistemlər təzyiq, soyuq, qaranlıq kimi çətin şəraitdə yaşamalarına və tənəffüs, qidalanma, özünümüdafiə kimi ehtiyalarına uyğun şəkildə yaradılmışdır. Kiçik kimi görünən xüsusiyyətlərin belə yaradılmasında hikmətlər var və hər biri bu canlıların yaşaması üçün böyük əhəmiyyət daşıyır. Məsələn, su səthinə yaxın yerlərdə üzən balıqların ağız quruluşu çömçəyə bənzəyir. Bunun sayəsində suyun üzündəki həşəratları və digər cisimləri asanlıqla ovlaya bilirlər. Nisbətən dərinlikdə yaşayan balıqların ağızları isə başın üst hissəsində, buruna yaxın qisimdə yerləşir. Beləliklə, suya düşən qidaları asanlıqla tuta bilirlər. Bu balıqların bir qismi isə yosunlarla qidalandıqları üçün ağızları aşağı doğru, otlamağa müvafiq formada yaradılmışdır. Daha dərinlikdə yaşayan balıqların ağzı isə suyun dibindəki qidaları yeyə bilmələri üçün yastı bədənlərinin alt hissəsində yerləşir.


Bu canlılar uca Rəbbimizin möhtəşəm əsərləridir. Canlılardakı qüsursuz sistemlər mükəmməl yaradılışı göstərir. Allah Quran ayələrinin birində belə buyurur:


"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır." (Hud surəsi, 6)