İman HƏQİQƏTLƏRİ

Sürətli qanad çalması ilə məşhur olan kolibri


Sürətli qanad çalması ilə məşhur olan kolibri

Bütün quşlar kimi, kolibrilərin də əsas uçuş mexanizmi qanadlarından və müvafiq bədən quruluşundan ibarətdir. Lakin bu kiçik canlılar digər quşlardan daha sürətli və aktivdirlər. Yaqut rəngində boyunları və qırmızımtıl-qəhvəyi rəngləri ilə göz oxşayan kolibrilər saniyədə 40-50 dəfə, bəzi növləri isə daha çox qanad çalırlar. Ametist (bənövşəyi rəngli) kolibri növü saniyədə 80 dəfə qanad çalır. Kolibrilərin ürəyi də sürətli döyünür. Mavi boyunlu kolibrinin ürək döyüntüləri dəqiqədə 1260-a çatır.


Kolibri aktiv həyat tərzinə uyğun, qüsursuz sistemlə yaradılmışdır. Bu sistem Allahın möhtəşəm yaratma sənətinin dəlillərindəndir. Bütün canlılara ruzi verən uca Allah kolibrilərə də gərgin həyat tərzlərinə uyğun qidalanma üsulu ilham etmişdir. Quş ehtiyac duyduğu enerjini çiçək nektarlarından əldə edir. Allah kolibrilərdə çiçəyin içindən nektarı götürmək üçün uzun, iynə kimi dimdik yaratmışdır. Çiçəyin tacı uzun olduqda quş nektarı əldə etmək üçün tacı deşir.


Kolibrilərin dili də qidalanması üçün ən uyğun şəkildə yaradılmışdır. Nektarı götürmək üçün dil kənarlarından qıvrılaraq iki çuxur əmələ gətirir. Bu zaman quşun dili arxası üstə dayanmış 3 rəqəmini xatırladır. Beləliklə, quş sürətlə, saniyədə 13 dəfə nektar əldə edir və qısa müddətdə bədənini ehtiyac duyduğu enerji ilə təmin edir.


Sadaladığımız bütün bu heyrətamiz sistemlər yalnız sonsuz mərhəmət sahibi olan Allahın diləməsi və yaratdıqlarını qoruması ilə mövcud olur. Rəbbimizin quşlarda təzahür edən yaratma sənəti Quranda belə bildirilmişdir:


" Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir." (Mülk surəsi, 19)