İSLAMİ hökmlər

Hindistan – Pakistan əlaqələrində sülhə gedən yol


Hindistan – Pakistan əlaqələrində sülhə gedən yol

Bernard Luis (Bernard Lewis) 1992-ci ildə “Balkanisations of Middle East” tezisini irəli sürdüyü zaman1, XX əsrdə dünyanı yönləndirmiş bu cərəyanın yeni əsrdə də təsirli olacağını qabaqcadan güman edirdi. Ötən əsrdə radikal milliyyətçi cərəyanların ölkələri, millətləri, bölgələri böldüyü bir dövr olaraq tarixə düşdü. Hər bir insanın öz millətini sevməsi və qorumaq istəməsi təbiidir, lakin başqa bir xalqa yaşamaq haqqı tanımayan, onu əzərək güclənməyi əsas götürən radikal milliyyətçilik dünyaya çox əzablar verdi. Orta Avropa bir çox kiçik dövlətlərə bölündü, Balkan yarımadasında yeni sərhədlər yarandı, Ərəbistan yarımadasının xəritəsi dəyişdi, Sovet İttifaqı onlarla yeni dövlətlərə bölündü. Afrika, Cənubi Amerika, Uzaq Şərqi Asiya da bu yeni dünya xəritəsindən payını aldı. Əsrin əvvəlində dünyada 77 ölkə var idisə, əsrin sonunda bu rəqəm 200-ə çatdı.2

Bu bölünmələrin böyük hissəsi qanlı dövrü əhatə edir. 500 il boyunca birlikdə yaşayan Balkan xalqları bir-birinə düşmən oldu. Milyonlarla günahsız insan həyatını itirdi, əksəriyyəti isə yerini-yurdunu tərk etmək məcburiyyətində qaldı. Orta Avropa bölündüyü zaman II Dünya Müharibəsinin əsası qoyuldu. Asiyada, Afrikada bölünmələr nəticəsində vətəndaş müharibələri, yerli qarşıdurmalar əskik olmadı. Bu döyüş bölgələrinin bir çoxunda müharibə lordları hakim oldu. Kütləvi qətliamlar və soyqırımlar bir-birini izlədi. Separatizm milyonlarla insanın canını aldı.

Dünyanın siyasi xəritəsinin bu qədər çox dəyişməsi bir çox problemin yaranmasına gətirib çıxardı. Əvvəlcə, uzun müddət birlikdə yaşayan qardaş xalqlar arasına on illərlə davam edən nifrət toxumları əkildi. Bu bölünmələrin ardınca isə böyük köçlər başladı, milyonlarla qadın, uşaq, yaşlı öz yurdlarını tərk etdi. Başqa bir mühüm məsələ isə heç cür həll edilə bilməyən sərhəd münaqişələri oldu. Tarixi, coğrafi və ya sosial keçmişi olmayan süni sərhədlər bəzən ölkələri müharibəyə sürükləyən konflikt mövzuları oldu.

Hindistan yarımadasında da dünyanın bir çox regionunda baş verənlərin oxşarı oldu. Hazırda münaqişə ocağı kimi bilinən Benqal bölgəsi 300 il bundan əvvəl dünyanın ən zəngin regionlarından biri idi. 90 milyard ABŞ dolları həcmində iqtisadi dövriyyəsi, 150 milyon əhalisi var idi. Bu rəqəmlər dünya üzrə ümumi milli məhsulun 20%-i və əhalinin 25-%-i demək idi. Tac Mahal kimi zənginlik simvolu olan bir çox memarlıq abidəsini ehtiva edən mədəniyyət anlayışı hakim idi. Babur imperiyası bölgəyə əmin-amanlıq, sülh və zənginlik gətirmişdi.3
XVIII əsrdə imperiya kiçik dövlətlərə bölünərək parçalandı. Bir əsr bundan əvvəl bölgəyə ticarət məqsədilə gələn ingilislər burada müstəmləkə rejimi quraraq Hindistan yarımadasının sahibinə çevrildilər. Bölgə 200 il ərzində İngiltərə müstəmləkəsi oldu. Bölgənin yerli xalqı ikinci kateqoriya insan olaraq, hətta çox vaxt “mədəniləşməmiş primitiv varlıqlar” olaraq görüldü və ağlasığmaz əziyyətlərə məruz qaldı. Bu müddət ərzində yüz minlərlə hindli İngiltərə imperiyasının işğalçı müharibələrində həyatını itirdi. Yaşanan dörd böyük planlaşdırılmış qıtlıqda milyonlarla günahsız insan acından öldü. Regiondakı böyük mədəniyyətin bütün ehtiyatları müstəmləkəçilərin əlinə keçdi.

II Dünya Müharibəsindən sonra bu böyük yarımadada daha bir bölünmə baş verdi. Ölkə müsəlmanların daha çox yaşadığı Pakistan, hinduların isə yaşadığı Hindistan olmaqla iki hissəyə bölündü. XX əsrdəki hər parçalanma kimi Hindistanın bölünməsi də qanlı oldu. Bir milyondan çox insan həyatını itirdi. 15 milyon insan qarşılıqlı şəkildə köç etdi. Müstəqillikdən sonra ölkələr arasında üç böyük müharibə baş verdi. O dövrün İngiltərəsinin işğal etdiyi hər bölgədə olduğu kimi, bu bölgədə də qan töküldü. Həmin dövrdə Pakistandakı vətəndaş müharibəsi zamanı 3 milyon mülki şəxs həyatını itirdi. Şərqi Pakistan Banqladeş adı ilə ölkənin qərbindən ayrıldı.

İmperialist güclər arxalarında hər zaman sonu gəlməyən münaqişə zonaları qoyub getdilər. Bu münaqişə zonaları fiziki olaraq çəkildikləri bölgələri bir növ nəzarət altında saxlama vasitəsi idi. Şimaldakı Kəşmir bölgəsində anlaşmazlıqlar bu gün hələ də davam edir. Əhalisinin əksəriyyəti müsəlman olan bu bölgə bölünmə zamanı hindulara verilmişdi. Belə bir qərarın nəticəsinin ağır və şiddətli olacağı bəlli idi. Hindistan və Pakistan Kəşmir uğrunda 1947, 1965 və 1999-cu illərdə müharibə apardılar. Döyüşləri asanlıqla dayandıra biləcək referendumun keçirilməsi isə heç cür mümkün olmadı. Bölgə bu gün şimal qonşusu Çinin də müdaxiləsi ilə defakto olaraq sanki üç yerə bölünüb. 1980-ci illərin sonunda yeni müharibə şəraiti yarandı və bu anlaşmazlıqlar nəticəsində 70 min mülki şəxs həyatını itirdi, 8 mini isə itkin düşdü. İtkin düşənlərin hər gün yenisi ortaya çıxan kütləvi məzarlıqlarda basdırıldıqları güman edilir.

Bu böyüklükdə şiddətin özlüyündən yaranması mümkün deyil. Müharibə şəraiti ölkələrin bölünməsini planlaşdıranların ən mühüm strategiyasıdır. Bunun sayəsində qapı arxasından idarəçiliyi öz əllərində tuta bilir, silah satır, ölkələrin iqtisadiyyatına nəzarət edirlər. Ən vacibi isə ölkədən öz planlarına uyğun istifadə etməyi davam etdirirlər. Bundan isə hər zaman olduğu kimi, günahsız xalq zərər çəkir. Ölkələrin enerji ehtiyatları bitib tikənməyən müharibələrdə tələf edilir. Şiddət bölgəni əsla tərk etmir.

Başda Kəşmir olmaqla bütün bölgəyə sülhün gəlməsi üçün mənfəətə əsaslanan ənənəvi siyasət anlayışı əvəzinə ağıllı, məqsədəuyğun və bütün xalqların birinci kateqoriya insan qəbul edildiyi mədəniyyət qurulmalıdır. Kəşmir məsələsinə gəldikdə isə Pakistanın daxil olmadığı bir sistem düşünmək həqiqətə uyğun deyil. Pakistan Hindistandan fərqli olaraq müsəlman dünyası kimi böyük bir ailənin tərkib hissəsidir və müsəlman Kəşmirin də mənəvi qoruyucusudur. Hindistan isə İslam aləminin dost və qardaş gördüyü ölkələrdən biridir. Hindistanın iqtisadi və siyasi maraqları müsəlman dünyası ilə dost olmasına bağlıdır. Dünyanın harası olursa olsun, hərbi güc nümayişi hansısa tərəfin qazanc əldə etdiyi mübarizə deyil. Ancaq daha çox qan tökülməsinə gətirib çıxarır. Əsası dostluq üzərində qurulan ittifaqlar ölkələri güclü edir, xalqları rifah içində yaşadır. Belə bir ittifaq heç bir silahın təmin edə bilməyəcəyi çəkindirici gücə sahibdir. Pakistanın və Hindistanın da ehtiyacı daha çox silah deyil, yeni müttəfiqlərdir. Bəşəriyyəti bölgəyə müharibənin deyil, sülhün hakim olması xilas edəcək.

https://sputniknews.com/politics/201508141025761718-west-middle-east-new-map/
https://en.wikipedia.org/wiki/Lists_of_sovereign_states_by_year
https://en.wikipedia.org/wiki/Mughal_Empire
http://www.bbc.co.uk/history/british/empire_seapower/east_india_01.shtml
http://www.telegraph.co.uk/news/2017/08/15/indian-independence-day-everything-need-know-partition-india/
http://www.bbc.com/news/world-south-asia-16069078
http://www.aljazeera.com/indepth/features/2017/03/mirza-waheed-violence-kashmir-conflict-170329051029132.html