İSLAMİ hökmlər

Xristianlar, müsəlmanlar və musəvilər birlikdə sülh içində yaşaya bilərlər


Xristianlar, müsəlmanlar və musəvilər birlikdə sülh içində yaşaya bilərlər

Peyğəmbərimiz Ərəbistan yarımadasında qanunsuzluğun və nizamsızlığın hakim olduğu bir dövrdə dünyaya gəldi. Lakin qısa müddət ərzində bu regionda gözəl mədəniyyətin yaranmasına səbəb oldu. Quranda bildirilən ədaləti rəhbərlik etdiyi ölkə xalqlarına tətbiq etdi və onlarla hər iki tərəfin də hüquqlarını qoruyan müqavilələr bağladı. Bu səbəbdən inancları və soy-kökləri nə olursa olsun, bu xalqlar peyğəmbərimizin ədalətindən razı qaldılar. Yaxın Şərq ölkələri Peyğəmbərimizi nümunə götürərək uzun illər ərzində müsəlmanlarla yanaşı xristianlar və musəvilərə də qucaq açdılar. Lakin Kitab Əhlinin bu gözəl insanları son illər bölgələrini tərk etmək məcburiyyətində qalmışdır. Gəlin bu vəziyyətin səbəblərini araşdıraq.

Zülm və müharibələr Yaxın Şərqdə musəvi və xristian əhalinin böyük miqyasda azalmasına səbəb oldu. Birinci Dünya Müharibəsindən etibarən ərəb ölkələrindəki musəvilərin, demək olar ki, hamısı vətənlərini tərk etmək məcburiyyətində qaldı. "Unudulmuş qaçqınlar" adlı sənədli filmdə həmin dövrdə Misirdən qaçan Levana Zamir o vaxt mövcud şəraiti belə təsvir edir: "Bu gün Misirdə, bəlkə də, 20 ya da 30 nəfər yaşlı musəvi tapa bilərsiniz".

1944-cü ildə Yəməndə 55.000, İraqda 150.000, Əlcəzairdə 140.000, Misirdə 80.000, Liviyada 38.000, Mərakeşdə 265.000, Tunisdə 105.000, İranda 100.000, Suriyada 27.000, Livanda 5.666 musəvi yaşayırdı. Dövrümüzdə isə Mərakeş, Tunis və İranda bir neçə min musəvi, sadaladığımız digər ərəb ölkələrində isə onlarla musəvi var.

Getdikcə artan məhdudlaşdırıcı qanunlar, ayrı-seçkilik və musəvi əleyhdarı hücumlar səbəbindən bu torpaqlardan çıxarıldıqdan sonra geridə qalanlar da regionu tədricən tərk etmək məcburiyyətində qaldılar. BMT-nin keçmiş səfiri Ron Prosor "Huffington Post" qəzetində dərc olunan "Yaxın Şərqin danışılmamış ən böyük hekayəsi" (“The Middle East’s Greatest Untold Story”) başlıqlı məqaləsində bu düşmənçilikdən belə bəhs edir:

"İraqdakı 2500 illik musəvilərin, demək olar ki, hamısı illər ərzində ölkəni tərk edərək buranı ən böyük sənətkarların, musiqiçilərin və iş adamlarının bir çoxundan məhrum etdilər. Oxşar mənzərələr Misirdən Suriyaya, Liviyadan Yəmənə qədər region miqyasında yaşandı. Yeni “Drakon qanunları” musəviləri ibadətlərindən məhrum etdi, onları musəvi şəxsiyyət vəsiqələri daşımağa məcbur etdi və mülklərindən milyardlarla dolları ələ keçirdi".

Xristianlara baxdıqda da oxşar mənzərələri görmək olar. Xristianlıq ilk dəfə ortaya çıxdığı regiondan - Yaxın Şərqdən silindi. Misirli xristianlar 1952-ci il inqilabından sonra böyük icmalar halında Misiri tərk etməyə başladılar. Son on il ərzində bu bölgə kilsələrə edilən hücumlara görə yaşanılması çox çətin yerə çevrilmişdir. Bununla yanaşı, misirli xristianlar cinayət və sui-qəsdlərə də məruz qaldılar. Hər hansı sübut olmadan dinə təhqir və ya küfr etməklə təqsirləndirildilər və əksəriyyəti həbs cəzasına məhkum edildi.

Bu hadisələr Quranın bildirdiklərindən tamamilə uzaq olan ifrat zehniyyəti əks etdirir. Bu zehniyyəti qəti şəkildə tənqid edirəm. Bu sistemin əsas səbəbi müsəlmanların əksəriyyətinin müxtəlif təfsirləri, hədis və fətvaları əsas tutaraq Quranı tərk etmələridir. İslam dünyasındakı bir çox icmalar dini liderlərinin çıxışlarını bir qayda olaraq mənimsəyir və bu səbəbdən hər dini icmanın öz qayda-qanunları olur. Bu icmalar Kitab Əhlinə nifrət ifadə edən uydurma hədisləri də qəbul edirlər. Əslində, İslama görə, müsəlmanlar Kitab Əhlinin inanclarına hörmət göstərməlidirlər. Allah mənafelərinə zidd olsa da, müsəlmanlara ədalətli olmalarını əmr etmişdir.

Qurana əsasən bütün müsəlmanlar heç bir fərq qoymadan bütün haqq dinləri və peyğəmbərləri qəbul etməlidirlər (Bəqərə surəsi, 136). Allah Quranda müsəlmanlara belə bildirir:

Musa ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər. (Əraf surəsi, 159)

Təməldə Allahın vəhyinə əsaslandığı üçün Kitab Əhlinin əxlaqi qaydaları var və nəyin halal, nəyin haram olduğunu bilirlər. Bu səbəbdən müsəlmanların Kitab Əhli tərəfindən bişirilən yeməkləri yeməsi halaldır. Eyni şəkildə müsəlman kişinin Kitab Əhlindən bir qadınla evlənməsinə icazə verilmişdir.

Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)


Belə ki, İslam idarəçiliyinin olduğu dövrlərdə, xüsusilə, Peyğəmbərimiz dövründə müsəlmanlar xristianları və yəhudiləri böyük hörmət və mehribanlıqla qarşıladılar. Peyğəmbərimiz onlara qarşı ədalətli və mərhəmətli idi və bu üç dinin mənsubları arasında kompromis mühit yaratmağa çalışırdı. Bağlanılan bəzi müqavilələr xristianlara və musəvilərə muxtar dini icmalar kimi yaşamaq hüququ verdi.
Bundan başqa, hz.Osman dövründə ermənilərin Dvin şəhərinin fəthi zamanı xristianlara, yəhudilərə və zərdüştlərə bütün ibadət yerlərinin mühafizə olunacağı deyilmiş və onlara qəzalı vəziyyətdə olan kilsələri təmir etmələri və yeni monastırlar inşa etmələrinə icazə verilmişdi. Məsələn, Müqəddəs Sercius Monastırı patriarx Mar Amme tərəfindən dağıdıldı və hz. Osmanın hökmdarlığı dövründə yenidən inşa edildi. Misir valisi Ukbe bir nestorian monastırına yardım etdi, Edessa kilsəsi Müaviyə dövründə bərpa edildi və İsgəndəriyyədə Müqəddəs Markos Kilsəsi inşa edildi. Misir, Fələstin, İordaniya, Suriya və İraqdakı kilsələrin və sinaqoqların mövcudluğu müsəlmanların digər inanclara olan hörmətini sübut edir. Yanında məscid olan Sina monastırı Sina dağında önəmli həcc mərkəzidir.

Eyni şəkildə Osmanlı imperiyası İspaniya zülmündən qaçaraq Osmanlı torpaqlarına sığınan musəvilərə qarşı göstərdiyi mehriban münasibəti ilə başqalarına örnək oldu. İspaniyadan qovulan və sığınmaq istədikləri digər ölkələrdə daha çox çətinliklərlə rastlaşan bir çox musəvi şəhər qapılarında aclıqdan öldü. Sultan Bəyazid musəvilərə Osmanlı torpaqlarında sığınacaq verdi və xalqın onlara hörmət göstərməsini istədi.

Xristianların və musəvilərin müsəlman torpaqlarında rahat həyatlarının bir başqa nümunəsi “La conviviencia” olaraq xatırlanan Əndəlüsdə yaşanıb. O dövrdə Avropanın ən inkişaf etmiş mədəniyyətini quran bu dövlət digər dini inanclara tolerant yanaşması ilə seçilirdi. Convivencia - və ya bir arada var olma - həyatın hər sahəsində hakim idi: sənətdə, elmdə və hətta ibadətdə. Məsələn, Toledoda 13-cü əsrdə inşa edilən Müqəddəs Roman Kilsəsi müsəlman memarlar tərəfindən inşa edilən möhtəşəm xristian kilsəsidir və İslam motivlərini ehtiva edir. Görünür ki, iki inanc yalnız bir-birilərinin bacarıqlarından istifadə etməmiş, eyni zamanda bir-birinin mədəniyyətlərinə də hörmətlə yanaşmışlar. Üç ilahi dinin mənsubları dünyada indiyə qədər müşahidə olunan ən yüksək sivilizasiyalardan birini inkişaf etdirmək üçün əməkdaşlıq etmiş və uğurlu olmuşlar.

Verilən nümunələrdən də göründüyü kimi, müsəlmanlar tarix boyu musəvilər və xristianlar ilə iç-içə olublar. Kitab Əhli yaşadıqları müsəlman torpaqlarında istədikləri kimi ticarətlə məşğul olmuş və mülk sahibi olmuşlar. İstədikləri peşəyə yiyələnmiş, dövlət idarəçiliyində və hətta kral saraylarında xidmət etmək üçün vəzifəyə təyin edilmişlər. Söz azadlıqları olmuş, elmi və mədəni nailiyyətlər əldə etmişlər. Bu səbəbdən müsəlmanlar Quranın təlimlərinə sadiq qalmalı, ifratçıların nifrət ruhunu bir kənara qoymalı, cəfəngiyatları doğru inanclarla dəyişdirməli və üç ilahi dinin mənsublarının birlikdə yaşadıqları zamanlara qayıtmalıdırlar.