İman HƏQİQƏTLƏRİ

Milçək ovlayan bitki


Milçək ovlayan bitki

Təbiətdə heyrətamiz üsullarla ov edən bitkilər də mövcuddur. Bunlardan biri olan milçəkqapan birkisi üzərində gəzən milçəkləri tutaraq onlarla qidalanır. Bu bitkini böcəklərə cazibəli göstərən isə qırmızı rəngli yarparlar və bu yarpaqların ətrafındakı vəzilərdən ifraz olunan şəkər qoxulu şirədir. Qoxunun möhtəşəm cazibəsinə tutulan milçək çox tərəddüd etmədən bu qəribə bitkinin üzərinə qonur. Qida mənbəyinə doğru gedən həşərat istər-istəməz bitki üzərindəki zərərsiz görünən tükcüklərə də toxunur. Bu zaman bitki qəfildən bağlanır və milçək möhkəm bağlanan bir cüt yarpağın arasında sıxılaraq qalır. Daha sonra milçəkqapan bitkisi "ət əridici" maye ifraz etməyə başlayır. Qısa müddət ərzində milçəyi jele halına gətirir və əmərək onunla qidalanır.

Bitkinin bağlanma sürəti insan əlinin maksimum bağlanma sürətindən daha çoxdur. Əliniz açıq olarkən ortasına qonan milçəyi tutmağa cəhd etsəniz, böyük ehtimalla bacara bilməzsiniz. Lakin milçəkqapan bitkisi bunu bacarır. Bəs əzələ və sümükləri olmayan bir bitki necə olur ki, bu cür ani hərəkət edə bilir? Tədqiqatçılar milçəkqapan bitkisinin daxilində elektrikli sistemin olduğunu müəyyən ediblər. Bitkinin tükcüklərində milçəyin toxunması nəticəsində yaranan mexaniki təsir tükcüklərin altındakı qəbuledicilərə ötürülür. Qəbuledicilərin verdiyi siqnallar isə yarpaqları ani hərəkət etdirən mühərrik hüceyrələrə göndərilir və milçəyi udan mexanizm hərəkətə keçir.

Mühərrik hüceyrələr çox mükəmməl bir dizayna sahibdir. Bunlar elektrik siqnalını qəbul edən kimi tərkibindəki su tarazlığını dəyişdirirlər. Yarpaqların əmələ gətirdiyi tələnin daxili hissəsindəki hüceyrələr tərkiblərindəki suyu buraxaraq qatlanırlar. Bu proses havası alınmış şarın bükülməsinə bənzəyir. Tələnin xaricindəki hüceyrələr isə həddindən artıq su qəbul edərək şişir. Bu elə ardıcıl baş verir ki, tələ çox sürətlə bağlanır. İçəridə qalan milçək isə tərpəndikcə tükcüklərə toxunur və elektrikli təzyiqin yenidən əmələ gələrək yarpağın daha möhkəm bağlanmasına səbəb olur. Bu zaman tələnin səthindəki həzm vəzilərinə xəbərdarlıq göndərilir. Bunun nəticəsində də vəzilər milçəyi yavaş-yavaş əridən maye ifraz etməyə başlayır. Daha sonra isə bitki zəngin zülal tərkibli şorbaya çevrilən milçəyin jelesi ilə qidalanır. Qidalandıqdan sonra isə tələni bağlayan mexanizm tərsinə işləyərək onun açılmasını təmin edir.

Sistemin digər maraqlı xüsusiyyəti isə ondan ibarətdir ki, tələnin hərəkətə keçməsi üçün tükcüklərə iki dəfə dalbadal toxunmaq lazımdır. Milçək tələsi cüt hərəkətli mexanizm sayəsində lazım olmadıqda bağlanmır. Məsələn, bitkinin üzərinə yağış damcısı düşəndə tələ hərəkətə keçmir. Bütün bunlar onu göstərir ki, ən incə təfərrüatına qədər hesablanmış bu sistem üstün bilgiyə və dizayna sahibdir. Belə bir dizayn isə təsadüfən yarana bilməz. Aydındır ki, bütün təbiətə hakim olan üstün güc sahibi Rəbbimiz milçəkqapan bitkisinə bu xüsusiyyətləri bəxş etmişdir. Bir ayədə belə buyurulur:

Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)

Allah bu kiçik canlını qüsursuz sistem və instinktlərlə birlikdə yaratmışdır. Çünki O, “qüsursuzca yaradan”dır. (Bəqərə surəsi, 54)