İSLAMİ hökmlər

Müsəlmanlar və xristianlar eyni Allaha inanır?


Müsəlmanlar və xristianlar eyni Allaha inanır?

ABŞ-ın İllinoys ştatındakı Yevangelist Protestant Uiton (Wheaton) kollecinin xanım professoru Larisiya Alayn Hokinz Liberti (Liberty) Universitetinin rektoru Cerri Faluelin “müsəlmanlara son qoyun” sözünə cavab olaraq hicab geyinib çəkdiyi şəklini “Facebook”da paylaşdı. Hokinzin qısa müddətdə mediada yayılan və böyük maraq oyandıran şəklinin altında bu sözlər yazılmışdı: “biz eyni Allaha inanırıq”. [1]

Professor Hokinzin paylaşımı əsrlərdir verilən sualı bir daha gündəmə gətirdi: “müsəlmanlar və xristianlar eyni Allaha inanır, eyni Allaha dua edirlər?”

Müdriyyət tərəfindən qısa müddətdə vəzifəsindən azad edilən professor Hokinz bu suala dair fikrini Facebook səhifəsində yazdığı yazıda belə dilə gətirib:

“...Müsəlman qonşularımı onlarla həmrəylik içində olduğum üçün, mayamız bir olduğu üçün sevirəm. Onlarla eyni dini mövqedəyəm, çünki Papa Fransiskin keçən həftə dediyi kimi, biz eyni Allaha inanırıq...” [2]

Bu sözlərdən sonra Billi Qrem və Yevangelistlər Birliyinin və Samaritan´s Purse adlı beynəlxalq yardım təşkilatının sədri Franklin Qrem öz Facebook profilində bu sözləri paylaşıb: “İslam Allahın oğlu olduğunu rədd edir. İsanın Allah olduğunu da. Ata, Oğul və Müqəddəs Ruha, yəni üç üqnuma inanmır. Dolayısı ilə İslamda və xristianlıqda eyni Allaha ibadət edilmir”. [3]

Professor Hokinzin dinlər arası birliyi və qardaşlığı müdafiə edən xoş niyyətli, sülhsevər münasibətindən əlavə Qremin sözlərində də həqiqət payı var. Həqiqətən də, hazırda xristianlar müsəlmanların dua etdiyi bir və tək olan Allaha ibadət etmirlər. Bunun səbəbi isə hz.İsanın gətirdiyi xristianlığa sonradan əlavə olunan üç üqnum inancıdır.

Bu inanca görə bu gün mövcud olan xristianlıq hz.İsanın gətirdiyi xristianlıqdan tamamilə uzaqlaşmışdır. Hz.İsanın gətirdiyi xristianlıq dini insanları Allahın birliyinə dəvət edərkən indiki xristianlıq anlayışına “Ata”, “Oğul” və “Müqəddəs Ruhdan” meydana gəlmiş üçlü Allah inancı hakimdir. Üç üqnum bugünkü xristianlıqda ən vacib iman şərtlərindən biridir.

Halbuki nə musəvilərin müqəddəs kitabları olan Əhdi-Ətiqdə, nə də xristianların müqəddəs kitabı İncildə üç üqnum inancı var. Hətta təhrif edilmiş Əhdi-Cədid İncillərində belə Allahın birliyinə dair ifadələr mövcuddur. Çox saylı ifadələrdən bəziləri bunlardır:

Tək bir Allah vardır... (Paveldən Timofeyə 1-ci Məktub, 2:5)

İsa ona belə cavab verdi: “... Allahın Rəbbə səcdə edib, yalnız Ona ibadət edəcəksən”,  ̶  deyə yazılmışdır. (Matta, 4:10)

Xilaskarımız Tək Allaha ucalıq olsun... (Yahudanın Məktubu, 1:24)

İncillərdə də göründüyü kimi, hz.İbrahim, hz.Yaqub, hz.Yusif, hz.Musa, hz Nuh, hz.Şüeyb və digər bütün peyğəmbərlər kimi hz.İsa da insanları bir və tək olan Allaha iman gətiməyə, Onun əmrlərini yerinə yetirməyə dəvət etmişdir. Tövhid inancı ilə tamamilə zidd olan üç üqnum peyğəmbər olaraq göndərilən hz.İsaya ilahlıq vəsfi verən yanlış bir inancdır. Bu anlayışın ilk xristianlar tərəfindən bilinmədiyi və xristianlığa IV əsrdə daxil edildiyi “Yeni Katolik Ensiklopediyası”nda belə bildirilir:

“Roma katolikliyi və xristianlığın müxtəlif qollarının üç üqnum mübahisəsi ortaya xəyali görüntüdən başqa bir şey qoymur. İki hadisə ortaya çıxıb: bir tərəfdən  İncil şərhçisi bu məsələdə ciddi səlahiyyətə malik olmadan insanların Əhdi-Cədiddəki üç üqnum anlayışından bəhs etməməli olduğunu qəbul edib. Digər tərəfdən tarixçi və xristian teoloqlar etiraf ediblər ki, üç üqnumdan bəhs edən şəxs hz.İsadan sonra dördüncü əsrin son rübündə yaşayıb. Bu etiraf göstərir ki, üç şəxsiyyətli Tanrı inancı xristian inanc və düşüncəsinə dördüncü əsrin son rübündə daxil olmuşdur”. [4]

Üç üqnum inancındakı xristianlar Allahın zatının hz.İsada insan olaraq vücuda gəldiyi iddialarına İncillərdə keçən “Allahın oğlu” ifadəsini dəlil göstərirlər. Halbuki İncillərdə keçən “Allahın oğlu” ifadələri iman gətirənlərin Allahın sevimli bəndələri olduğunun gözəl bir ifadəsidir. Matta İncilində bu həqiqət, “Nə bəxtiyardır sülh yaradanlar! Çünki onlar Allahın övladları adlanacaq” (Matta, 5:9) ifadəsi ilə izah edilir.

Digər tərəfdən, hz.İsa heç vaxt özünün Allah olduğunu söyləməmişdir. Markın İncilindəki başqa bir bölmədə hz.İsanın özünün ilahiləşdirilməsinə, hətta təriflənməsinə də qarşı olduğunu, özünü insanlara yalnız bir qul kimi tanıtdığı göstərilir:

İsa yola çıxarkən bir nəfər qaça-qaça onun yanına gəldi. Qarşısında diz çökərək soruşdu: “Ey möhtərəm müəllim, əbədi həyata qovuşmaq üçün nə etməliyəm?” İsa ona dedi: “Mənə niyə möhtərəm deyirsən? Tək Allahdan başqa möhtərəm yoxdur”.  (Mark, 10:17-18)

Məşhur ingilis din tarixçisi Karen Armstronq hz.İsanın heç vaxt “Mən Allaham” demədiyini bu sözlərlə açıqlayır: “Hz.İsa heç vaxt “Mən Allaham” və ya “Allahın oğluyam” deməmişdir. Hz.İsa üçün “Allahın oğlu” ifadəsini Pavel dilə gətirmişdir, amma bu, musəvilikdəki Allahın oğlu ifadəsi ilə eyni mənadadır. Bu ifadə ilə Allahla xüsusi yaxınlığı olan, xüsusi vəzifəsi olan bir insan nəzərdə tutulur”.

Karen Armstronqun bir kitabından istifadə edərək hazırlanan sənədli film üç üqnum inancının ortaya çıxmasını belə izah edir: “IV əsrdə Misirin İsgəndəriyyə şəhərində Arius adlı bir keşiş hz.İsanın Allahla bir tutula bilməyəcəyini, Allaha mükəmməl şəkildə itaət etdiyi üçün ilahi statusa yüksəldilmiş normal bir insan olduğunu irəli sürür. Bu sözlər böyük mübahisəyə yol açır və Kilsə iki hissəyə bölünür. İmperator Konstantin Kilsənin ikiyə bölünməsinə razı olmur və Nikeyada məclis çağırır. Bu məclisdə hz.İsa “İlahi” elan edilir. Bütün xristian kilsələri Nikeya İman Simvolu kimi tanınan bir bəyannaməni qəbul edir. Lakin Şərq kilsələri mübahisəni davam etdirir. Sonda mübahisələr bu fikirdə birləşir: Allah insanlara Özünü üç şəkildə göstərir: Ata, Oğul və Müqəddəs Ruh. Bu fikir daha sonradan üç üqnum adını alır. Amma müzakirələr yenə bitmir. Hazırda xristianların fikri qarışıb və bu sualları verməyə başlayıblar: Bir Allah var, iki, yoxsa üç? Əgər üç Allah varsa, biz necə monoteist ola bilərik?” [5]

Prinston Universitetinin ilahiyyat professoru Elayn Peycels bu suala belə cavab verir: “Xristianlıq, əlbəttə ki, monoteist din deyil”.

Allahı bir və tək ilah olaraq qəbul edən, İbrahimi din olan xristianlığın hz.İsanın Allah qatına alınmasından sonra təhrif edilib üçlü Allah inancına çevrilməsi xristianlığa vurulan ən böyük zərbədir. Xristianlığın bir şərti kimi təqdim olunan bu inanc müasir xristianların Allahı lazımi şəkildə tanımalarına, gənclərin özlərini yaradan Allahı, Onun özlərinə göndərdiyi dini yanlış öyrənmələrinə və bunun nəticəsində də xristian dünyasının böyük mənəvi itkiyə məruz qalmasına yol açır.

Bütün bunlarla yanaşı, xristian dünyasında üç üqnumu qəbul etməyən geniş kütlə var. Bir çox xristian məzhəb və cərəyan üzvü, ilahiyyatçı, alim, tədqiqatçı, yazıçı üç üqnum inancını rədd edir. Allaha bağlı olan səmimi xristianlarla İslam dini mənsubları Allaha iman gətirmək, Ona heç bir şeyi şərik qoşmamaq, Allahın yaratdığı qədərə inanmaq, Onun əmr etdiyi ibadətləri yerinə yetirmək kimi ortaq iman əsaslarına görə yaşayırlar. Beləliklə, Allahın hz.İbrahimə nazil etdiyi haqq dində birləşir, eyni Allaha inanır, eyni Allaha dua edir, eyni Allaha ibadət edirlər. Bu səbəbdən üç üqnumu rədd edən xristianlarla müsəlmanlar eyni Allaha inanır, eyni Allaha dua edirlər. Üç üqnuma inanan xristianların da tezliklə həqiqəti dərk etmələrini, dinlərində olmayan, batil üç üqnum inancını tərk edib Allaha dönmələrini diləyirik. Hz.İsanın qulluq etdiyi, ibadət etdiyi, dua etdiyi Allaha Ona heç bir şeyi və heç bir kəsi şərik qoşmadan yönəlmələri sadiq qaldıqları Peyğəmbərə bağlılığının da əsl sübutu olacaq.

Üç üqnuma inanan bütün xristianlar vicdanla düşünüb bilməlidirlər ki, Allah birdir, təkdir, Ondan başqa ilah yoxdur. Hər şeyi yoxdan yaradan, qüsursuz var edən, hər şeyin batinindən və gizli tərəflərindən xəbərdar olan, əzəli və əbədi olan, doğmamış və doğulmamış, hər cür nöqsandan uzaq, hər şeyi bilən, hər şeyə gücü çatan, şanı böyük və ehsanı bol olan, əsirgəyən, bağışlayan Odur. Bütün kainatın sahibidir. Hər şeyin üzərində nəzarət edəndir. Dua edənin duasını eşidən, ibadətlərini görən, din günündə böyük-kiçik hər bir yaxşılığın qarşılığını artıqlaması ilə verəndir.

MƏNBƏ:

[1] http://edition.cnn.com/2016/01/06/us/wheaton-college-professor-hijab/
[2] http://edition.cnn.com/2016/01/06/us/wheaton-college-professor-hijab/
[3] http://www.christianpost.com/news/franklin-graham-wheaton-college-must-fire-hijab-wearing-professor-larycia-hawkins-155831/
[4] The New Catholic Encyclopedia, Cilt: XIV, S: 295.
[5] A History of God, Karen Armstrong, https://www.youtube.com/watch?v=KJkNs512Lsk