Peyğəmbərlər

Hz. İsanın mübarizəsi


Hz. İsanın mübarizəsi

Hz. İsanın gəldiyi dövrdə yəhudilərin içində dini müxtəlif cür şərh edən bir çox məzhəb var idi. Allah`ın hz. Musaya vəhy etdiyi haqq dindən uzaqlaşmış, batil adətlər və inanclar uydurmuşdular. Bundan əlavə, bütpərəstlik də insanlar arasında yayılırdı. Bütpərəstliyin təsiri altındakı bəzi yəhudi məzhəbləri isə tövhid inancı əvəzinə bu batil inancın simvollarını, heykəllərini qoymağa başlamışdılar.

Quran ayələrindən hz. İsanın dinləri haqqında ixtilafa düşənlərə yol göstərdiyi başa düşülür. İncildəki təriflərdən də hz. İsanın, əvvəlcə, saxta din adamlarını, Allah`a şərik qoşan müşrikləri, dindar görünərək xalqı aldadanları bu əməllərindən çəkinməyə, səmimiyyətlə Allah`a iman gətirməyə dəvət etdiyi başa düşülür. Əhdi-cədidə əsasən, hz. İsa təbliğ edərkən bir tərəfdən də şiddətli zülm görən xalqa yaxında Allah`ın hakimiyyətinin qurulacağını söyləyərək inanclarını canlandırmışdır. Bu zaman hz. İsanın hz. Davudun nəslindən olması xəbəri xalq arasında yayılmış və onun gözlənilən Məsih olduğu inancı dalğa-dalğa yayılmışdır (Matta, 9:28-35). Bütün bunlar isə mənfəətpərəst xurafatçı din adamlarını və Romanın gətirdiyi bütpərəstliyi qəbul edənləri narahat etmişdir.

Əhdi-cədidə görə, bu insanlar hz. İsanın təbliğinə mane olmaq üçün hər fürsətdən istifadə etmiş, ancaq hər dəfə məğlub olmuşdular. Hz. İsanın onların iddialarını tamamilə təkzib edən cavablar verməsi və hikmətli açıqlamaları din adamlarını çox narahat etmişdir. Bəzi yəhudi rahibləri Tövratın hökmlərini dəyişdirmişdilər, öz mənfəətlərinə uyğun hökmlər əlavə etmişdilər. Hz. İsa yəhudilərə verdiyi öyüdlərlə bu saxta hökmləri aradan qaldırırdı. Hz. İsa hz. Musanın gətirdiyi saf dinə qarışmış batil adətləri, xurafatları, insanların qadağalarını təmizləyirdi.

Peyğəmbərlər Allah`ın onlara verdiyi vəzifəni layiqincə yerinə yetirmiş, insanları hidayətə dəvət etmək üçün əllərindəki imkanlardan istifadə etmişlər. Hz. İsa da ona qurulan tələlər, atılan böhtanlar və hücumlara səbir etmiş, Allah`a təvəkkül edib təbliğinə davam etmişdir. O, yanında az sayda köməkçisi olmasına baxmayaraq, daima qalib gəlmişdir. Təbliğ zamanı dini əslinə qaytarmaq, xurafat və bidətlərdən təmizləmək üçün bir çox yola əl atmışdır. Rəbbimizin ona verdiyi üstün qavrayış və hikmət sayəsində İsrail oğullarına təsirli nitqlər söyləmiş, hikmətli məsəllər çəkmişdir.

Hz. İsa insanları ancaq Allah`a iman gətirməyə dəvət etmiş, din əxlaqının hakim olacağını müjdələmiş, batil inanclarla, xurafatçılarla və bütpərəstlərlə mübarizə aparmış, dünyanın imtahan yeri olduğunu nümunələr çəkərək açıqlamış, qövmünün əxlaqını düzəltmək üçün səy göstərmiş, üstün əxlaqı ilə də ətrafındakı insanlara gözəl örnək olmuşdur. Ancaq bütün bu fəaliyyətlər düşmənlərinin daha sərt rəftarına, onu öldürmək üçün tələ qurmalarına yol açmışdır.