İSLAMİ hökmlər

Rəbbimizin qadınlar üzərindəki rəhməti


Rəbbimizin qadınlar üzərindəki rəhməti

Allah Quranla insanlara “şan və şərəflərinin” (Müminun surəsi, 71) gətirildiyini bildirir. İslam əxlaqına tabe olan, Allahın Quranda bildirdiyi yolla gedən insanlar hər sahədə uğur qazanır. Cahil cəmiyyətdə bəzi qadınların məruz qaldığı sıxıntıların tək çarəsi və cəmiyyət içində layiq olduğu hörməti görmələrinin yolu yenə də Rəbbimizin insanları qaranlıqlardan nura çıxarmaq üçün Peyğəmbərimizə (səv) vəhy etdiyi Qurandadır.

Allah Quranın bir çox ayəsi ilə qadını və qadın hüquqlarını qoruyub, cahil cəmiyyətdə qadınlara qarşı olan yanlış düşüncəni aradan qaldırıb, ona cəmiyyətdə layiqli yer qazandırıb. Quran ayələri ilə insanlara Allah qatında üstünlüyün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğunu bildirib. Bütün bunlar Rəbbimizin qadınlar üzərindəki bənzərsiz lütfünün dəlilləridir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.(Hucurat surəsi, 13)
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız.(Əraf surəsi, 26)

Başqa ayədə isə Allah “…Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!” şəklində buyuraraq insanlara əldə edəcəkləri ən xeyirli şeyin təqva olduğunu bildirib. Dolayısilə insanı həm bu dünyada, həm də Allah qatında dəyərli edən və üstünlük qazandıran təqva olmalıdır. Allah Quranda“Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır” (Hədis surəsi, 18)deyə buyurur.

Bu ayə ilə həm kişilərə, həm də qadınlara əsl üstün və şərəfli olan qarşılığın Allahın bildirdiyi əxlaqı yaşamaqla qazanacağını xatırladır. Qadın və kişi, əlbətdə ki, fiziki baxımdan bir-birindən fərqlidir. Ancaq bu üstünlük səbəbi deyil. Allah başqa ayədə də bəzi insanlar arasından üstünlük kimi zənginliyin əvəzinə, Allahın fəzlini istəməyin daha məqbul olduğunu belə bildirir:

Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir. (Nisa surəsi, 32)

Allah qadınların cəmiyyətdə qorunulması, layiq olduqları hörmət və sevgini görmələri üçün sosial cəhətdən lazımi tədbirləri Quran ayələri ilə bizlərə bildirib. Bütün tədbirlər isə qadınların lehinədir. Bunların bir hikməti də onların zərər görməsinin, əzilməsinin qarşısının alınmasıdır.

Allah insanlara Quranla ən doğru yolu göstərib və onların yanlış metodlarını aradan qaldırıb. İslam əxlaqında əsl əhəmiyyətli olan insanın qadın, ya da kişi olması deyil, Allaha dərin iman və qorxu ilə bağlanmasıdır. Allahın əmir və qadağalarına etina ilə itaət etməsi, Quran əxlaqını ən gözəl şəkildə yaşamağa çalışmasıdır. Allah qatında insanın bu xüsusiyyətləri qiymətləndiriləcək. Allah Quranda qadın və ya kişi olmasından asılı olmayaraq, iman gətirən birinin sahib olacağı əsas xüsiyyətləri belə açıqlayır:

Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)

Allahın ayədə bildirdiyi kimi, mömin qadınlar və mömin kişilər Allaha ibadət etməkdən, Quran əxlaqını yaşamaqdan, insanlara yaxşılığı əmr edib, pisliyə mane olmaqdan və Quranda bildirilən bütün əmr və tövsiyyələrə itaət etməkdən məsuldur. Allah Özündən qorxub çəkinən hər insana qadın, yaxud da kişi ayrıseçkiliyi etmədən “doğrunu yanlışdan ayıran nur və anlayış”(Ənfal surəsi, 29)verəcəyini vəd edib. Səmimiyyətinə, ixlasına və imanına qarşılıq olaraq Allah insana həyatın hər sahəsində onu doğru yola çatdıran, doğru qərarlar verməsinə və doğru davranmasına səbəb olacaq ağıl, fərasət və bəsirət verir. Dolayısilə ağıl insanın cinsiyyətinə görə yox, tamamilə Allaha olan səmimi bağlılığına, yaxınlığına və qorxusuna görə fərqlənir.

İmanın ona qazandırdığı ağılla hərəkət edən hər insan qadın və ya kişi olsun, həyatda hər sahədə uğur əldə edir, bir çox insandan irəli gedir. Bu tamamilə insanın istəyindən, şövqündən və əzmindən asılıdır. İman gətirənlər İslam əxlaqına uyğun olaraq özlərini heç vaxt heç bir mövzuda yetərli görmürlər. Daima daha ağıllı, daha qabiliyyətli, daha məsuliyyətli, daha gözəl əxlaqlı olmaq üçün səy göstərirlər.

Özlərini hər mövzuda gücləri çatan qədər yetişdirməyə, inkişaf etdirməyə çalışırlar. Allah iman gətirənlərin çevrələrindəki bütün insanlara örnək olacaq xarakterə sahib olmaq üçün Özünə dua etdiklərini bildirir:

Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et! (Furqan surəsi, 74)

Həyatı boyunca hər mövzuda əlindən gələnin ən yaxşısını etməyə çalışan, əxlaqı, xarakteri və cəhdi ilə bütün insanlara nümunə olmağa cəhd edən mömin qadın (Allahın izni ilə) cəmiyyət içində də üstün mövqe tutur. Öhdəsinə götürdüyü hər cür məsuliyyəti layiqincə yerinə yetirir, ən doğru qərarlar verir və ağıllı tədbirlər görürlər.

Gördüyümüz kimi, İslam əxlaqında qadınla kişinin cəmiyyətdəki yeri tamamilə bərabərdir. Sonsuz mərhəmət sahibi Rəbbimiz qadınla kişi arasında fərq qoyan bütün cahiliyyə inanclarını Quran ayələri ilə aradan qaldırıb, qadına layiq olduğu dəyərin verilməsini əmr edib. Qadın və kişi Allaha olan bağlılığı, sevgisi nisbətində dəyərlidir. Bu səbəbdən də İslam əxlaqını mənimsəyən qadınlar üçün kişilərlə bərabərlik mübarizəsi yox, xeyirlərdə yarışmaq əxlaqı əsasdır. Xeyirlərdə yarışmaq iman gətirənlərin hər an Allahın razılığını qazanmaq üçün əllərindən gələni etmələridir. Bu məqsəd üçün Allahın ən sevdiyi, ən razı olduğu və Allaha ən yaxın insan olmaq üçün xeyirlərdə yarışırlar. Ancaq bu yarış tamamilə Rəhmani yarışdır. Allah möminləri dünyada və axirətdə öndə edəcək xüsusiyyətin bunun üçün etdikləri mübarizə olduğunu Quranda belə bildirir:

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)
Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatir surəsi, 32)

Başqa ayədə isə Allah“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”(Nəhl surəsi, 97) şəklində buyuraraq kişi və ya qadın olsun, bütün insanların dünyada və axirətdə heç bir haqsızlığa məruz qoyulmadan qarşılıq alacaqlarını xatırladıb. Bütün bunlar Allahın inanan qulları üzərindəki rəhmətinin dəlilləridir. Quran əxlaqı yaşanılmayan cəmiyyətlərdə qadınlarla hələ də ikinci sinif insan kimi rəftar edilir, ancaq Allah Rəhman və Rəhim isimlərinin təzahürü olaraq qadınları qoruyur, şan və şərəflərini yüksəldir. (Ətraflı məlumat üçün bxn: Örnek Müslüman Kadın: Hz. Meryem, Harun Yahya, Mart 2003)