Quranda Sədaqət

Allaha olan sədaqət


Allaha olan sədaqət

Möminlər Allahın onlara verdiyi ağılla doğru düşünən və Allahın gücünü və elmini layiqincə təqdir edən insanlardır. Bu səbəbdən tərifəlayiq olanın yalnız Allah olduğunun şüurundadırlar. Allahın Quranla bildirdiyi əxlaqı bir an belə tərk etmədən yaşayırlar. Başlarına gələn çətinliklərə qarşı səbir edir və hər işlərində daima Allaha yönəlirlər. Hər zaman Allahın yardımını və rəhmətini ümid edirlər. Heç bir qorxu və narahatlığa qapılmadan Allahın razılığını qazanmağa çalışırlar. Bütün bunlar möminlərin Allaha göstərdikləri dərin sevgi və sədaqətin ən böyük əlamətlərindəndir.

Möminlər Rəbbimiz olan Allaha qarşı sədaqətlərini həyatları boyu davam etdirirlər. Möminlər əsla şeytanın addımlarına tabe olmur, Quran əxlaqından kənar heç bir həyat tərzini qəbul etmirlər. Səhvən günah etdiklərində yenə də Allaha sadiq qalıb Ondan bağışlanma və kömək diləyirlər. Olduqca çətin imtahan mühitində olsalar da Allaha qarşı sədaqətlərində ən kiçik azalma belə baş vermir.

Qurandan uzaq yaşayan insanlar isə sədaqət anlayışını tamamilə səhv və əsl mahiyətindən uzaq şəkildə dəyərləndirirlər. Qurandan uzaq yaşayan insanlar üçün sədaqət anlayışı tamamilə mənfəətə əsaslanır. İnsanlar mənfəət umduqları şəxslərə və mövzulara sədaqət göstərir, mənfəət ortadan qalxdıqda isə onlara olan bağlılıqlarını dərhal itirirlər. İman gətirmədiklərindən və Allahın ucalığını təqdir edə bilmədiklərindən bu insanlar Allaha olan sədaqəti bilmir, bəzən də bilsə də tətbiq etmirlər. Bu insanlar Allaha sədaqət göstərərək yaşamağın onları bütün dünyəvi zövq və ehtiraslarından məhrum buraxacağına dair aldanışa düşərək Allaha bağlanmaqdan və Ona sadiq qalmaqdan çəkinirlər. Halbuki Allah səmimi qəlblə Ona bağlanan sadiq qulları üçün dünyada və axirətdə nemətlərin və zövqlərin ən gözəllərinin olduğunu bildirib. Ancaq inkar edənlər bu həqiqətin şüurunda deyillər.

Allah bir ayəsində belə buyurur:

“(Bu ona görədir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (Əhzab surəsi, 24)

Uca Allah bütün aləmlərin Rəbbidir. Qulluq yalnız Onadır. Bütün varlıqları yaşadan və onları müəyyən vaxtda Öz Qatına alandır. Allaha sədaqət göstərmək bütün insanların məsuliyyətidir və insana verilmiş böyük nemətdir. Allaha  güvən və sədaqət içində yaşayan möminlər bu nemətin gözəlliyini anlayıblar və onları axirətdə daha böyük nemətlər gözləyir.