Quranda Sədaqət

Allaha sadiq qalmaq


 Allaha sadiq qalmaq

İnsanlar həyatları boyu özlərinə maddi və ya mənəvi baxımdan mənfəət gətirəcək bir çox fürsətlə qarşılaşırlar. Belə bir vəziyyətdə bəzi insanlar mənfəət ümidi ilə o ana qədər dəyər verdikləri hər şeydən, hətta sevdiklərindən belə rahatlıqla vaz keçə bilirlər. Əvvəllər əsla heç bir şeyə dəyişməyəcəklərini deyərək uğrunda bir çox çətinliyə qatlaşdıqları, şövqlə sahib çıxdıqları hər şey bu insanlar üçün bir anda bütün əhəmiyyətini itirir. Qərarsızlıqlarının səbəbi isə bu insanların “əsl sədaqəti” yaşamamalarıdır. Bəzən bəsit mənfəət ümidi, ya da qarşılarına çıxan kiçik çətinlik belə onların asanlıqla sədaqətsizlik göstərmələrinə səbəb olur.

Sədaqəti ən mükəmməl şəkildə yaşayan insanlar isə möminlərdir. Müsəlmanlar Allaha iman gətirir və sonsuza qədər Rəbbimizə sadiq qalacaqlarına söz verirlər. Dünya həyatında qarşılaşdıqları heç bir şeyin Allahın razılığı və sevgisini qazanmaqdan daha qiymətli olmadığını bilirlər. Çünki sadiq olmağa ən layiq olan yalnız uca Rəbbimizdir. Möminlərin bu qərarlı sədaqətləri Quranda belə xəbər verilir:

“Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər”. (Əhzab surəsi, 23)

Möminlərin Allaha olan sədaqətləri, eyni zamanda, onların Quran əxlaqına nə qədər şövqlə bağlandıqlarının da dəlilidir. Çünki heç bir dünya mənfəəti, maddi ya da mənəvi heç bir qazanc təklifi onları Allaha olan bağlılıqlarından və sədaqətlərindən ayıra bilməz. Allaha olan sədaqətləri onları Allah yolunda daima şövqlə xidmət etməyə və Allahın razılığını qazandıran işlər görməyə yönəldir. Quranda inananların Rəbbimizə olan sədaqətlərini dilə gətirdikləri belə bildirilir:

De: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!” (Ənam surəsi, 162)

Quranda Allaha qarşı sədaqətdən uzaq duran, ancaq dünya həyatına və buradan əldə edəcəklərinə böyük sədaqətlə bağlananların əxlaqından da bəhs edilir. Bu insanlar Allahı razı edən əxlaqı göstərməklə öz mənfəətləri arasında seçim etməli olduqlarında Allaha sadiq qalmaqdan üz çevirirlər. Halbuki dünya həyatında əldə etdikləri hər cür mənfəət müvəqqətidir. Var-dövlət, gözəllik, etibar kimi xüsusiyyətlərin heç biri Allaha sədaqətin insana qazandırdığı mənəvi nemətlərin yerini vermir. Allah insanlara ancaq Özünə səmimi olaraq yönəldikləri təqdirdə əsl xoşbəxtlik, dinclik və sevinci yaşadır. İman olmadan, Allaha hörmətlə bağlanmadan əldə edilənlər insanlara ancaq müvəqqəti və səthi zövqlər yaşadır. Allaha sədaqət isə insanlara həm dünyada gözəl həyat, həm də axirətdə Rəbbimizin sonsuz dostluğu, sevgisi, rəhməti, razılığı və nemətini qazandıracaq. Quranda saleh möminlərin dünyəvi mənfəəti Allahın razılığından, Ona olan sədaqətdən heç vaxt üstün tutmadıqları belə bildirir:

“O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar”. (Nur surəsi, 37)

Allah Quranda həyatı boyu göstərdikləri sədaqətin qarşılığında mömin qullarını mükafatlandıracağını belə müjdələyir:

“(Bu ona görədir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (Əhzab surəsi, 24)