Quranda Sədaqət

Sədaqətin əhəmiyyəti


Sədaqətin əhəmiyyəti

Sədaqət səmimi qəlbdən Allaha iman gətirən möminlərin ən əsas xüsusiyyətlərindən biridir. Möminlərin səmimi sədaqətləri onların ixlaslı insanlar olduqlarını göstərir. Çünki bir insanın Allaha iman gətirməsi, hər hansı dünyəvi mənfəət güdmədən yaşaması, həyatı boyunca uca Allahın rizasını qazanmaq üçün cəhd etməsi, sahib olduğu və sevdiyi hər şeyi Onun rizası üçün istifadə etməsi, başına gələn çətinliklərə səbir edə bilməsi üçün güclü sədaqət və bağlılıq hissinə ehtiyacı var. Yalnızca Allaha qarşı olan sevgi və bunun səbəb olduğu güclü bağlılıq və sədaqət hissi insana bu yolda irəliləmə gücünü və istəyini qazandıra bilər.

Allaha qarşı olan bağlılıq və təslimiyyət nə qədər səmimi və güclü olarsa, insan Allaha o qədər yaxınlaşma imkanı əldə edəcək və Onun rizasını qazanmaq üçün göstərdiyi cəhdi və şövqü də artacaq. Buna görə də mömini digər insanlardan ayıran ən vacib xüsusiyyətlərdən biri sədaqətdir. Həyatının sonuna qədər Allahın əmr və qadağalarına tabe olan mömin, Allahın izni ilə, Onun rəhməti və Cənnəti ilə qarşılığını alacaq.

Çətinliklərlə qarşılaşdıqda nümayiş etdirdiyi təvəkküllü və təslimiyyətli davranışı ilə bütün müsəlmanlara nümunə olan peyğəmbərimiz hz. Muhəmməd (səv) çətin anlarda Allaha qarşı sədaqətdə qətiyyətli davranmaq lazım olduğunu möminlərə belə xatırlatmışdır:

“... Bir şey istədikdə Allahdan istə. Yardım gözləyirsənsə,Allahdan dilə. Çünki qullar Allahın yazmadığı bir şeydə sənə yardım etmək üçün bir yerə gəlsələr də, bunu edə bilməzlər. Allah yazmadığı bir zərəri sənə vurmaq üçün bir yerə gəlsələr, buna da müvəffəq ola bilməzlər.” (Kütüb-i Sittə, Müxtəsər Tərcümə və Şərhi, prof. dr. İbrahim Canan, 16-cı cild, Akçağ nəşrləri, Ankara, 1992, səh. 314)

Sədaqət möminləri hər zaman bir yerdə saxladığına görə də çox vacibdir. Buna görə də sədaqət fitnə salmağa, saleh əməllərə mane olmağa və möminləri bir-birindən ayırmağa çalışan pis niyyətli insanların qarşısını alır. Möminlərin Allaha və peyğəmbərlərə qarşı olan səmimi sədaqətlərini və bağlılıqlarını təqlid etmək mümkün deyil. Bu, yalnızca möminlərə xas olan əxlaqi xüsusiyyətdir.

 

“... Onlara daha yaxşı olardı ki, itaət etsinlər və xoş söz söyləsinlər. Cihada qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı”. (Məhəmməd surəsi, 20-21) ayələrində Allahın bildirdiyi kimi, möminlər dərk edirlər ki, hər şəraitdə Allaha sadiq qalmaq onlar üçün “xeyirli”dir. Uca Allah, həmçinin, bu ayələrdə bildirir ki, Rəbbimizə qarşı olan bu güclü sədaqət insanın haqq olan bir şey qarşısında tərəddüd etməsinin qarşısını alır və insana qətiyyətli davranış forması bəxş edir. Əgər insan güclü imana və təslimiyyət hissinə sahibdirsə, bu səmimi sədaqət onun tərəddüd etməsinin qarşısını alacaq və nəfsinə qalib gəlməyə hər zaman yardım edəcək. Beləcə insan nə ilə qarşılaşsa da, Allaha qarşı sədaqət və təslimiyyəti ilə nəfsinə ağır gələn bir şeyin öhdəsindən rahatlıqla gələcək.