Quranda Sədaqət

Sədaqətin mənası


Sədaqətin mənası

Quran əxlaqından uzaq yaşayan bəzi insanlar doğru yol onlara göstərilsə də bu dəvətdən imtina edirlər. Lakin belə davranmaları onların həyatları boyu Allahın Quranda bildirdiyi üstün əxlaqdan məhrum qalmalarına və bunun maddi-mənəvi zərərlərinə qatlaşmalarına səbəb olur. Kədər, sıxıntı, bədbinlik, ümidsizlik, eqoistlik, mübahisə, dava, ikiüzlülük, lağ etmək, mənfəət... Cəmiyyətin çox hissəsinə hakim olan bu və buna bənzər mənfi davranışlar, əslində, insanların Allahın Quranla bildirdiyi haqq dindən, gözəl əxlaq anlayışından uzaqlaşmalarının nəticəsidir.

Halbuki bəzi insanlar bu vəziyyətin fərqində belə deyillər. Üstəlik məntiqləri də bu yanlışları normal qarşılayacaq qədər pozulub. Bu vəziyyətə düşmələrinin səbəbi Allahın haqq dinini tərk etmələridir. Allah Quranın “Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək”. (Furqan surəsi, 30) ayəsi ilə insanların bu rəftarını bizə bildirmişdir.

Bu səhifədə bəhs olunan sədaqət anlayışı Quran əxlaqından uzaq yaşayan insanların tamamilə yanlış və səhv dəyərləndirdikləri, hətta bəzilərinin əsil mənasını heç bilmədikləri və yaşamadıqları bir xüsusiyyətdir. Hər mövzuda olduğu kimi, sədaqət mövzusunda da iman gətirənlərlə inkar edənlər arasında böyük anlayış fərqi var. Cahiliyyə cəmiyyətindəki sədaqət anlayışını “insanın sevdiyi və yaxın bildiyi, ya da mənfəət umduğu insanlara bağlanması, hansı şərtlər altında olursa-olsun, tamamilə o insanların əmr və arzularını  yerinə yetirməsi” kimi açıqlaya bilərik. Cahiliyyə inanclarını mənimsəyən insanların sədaqət anlayışı əsil mahiyətindən uzaqlaşıb və müxtəlif dünyəvi mənfəətlərlə əlaqələndirilən sədaqət növünə çevrilib.

İnkar edənlər Allaha iman gətirmədikləri və Onun ucalığını layiqincə təqdir edə bilmədikləri üçün Allaha sədaqət göstərmək şərəfindən də məhrum qalırlar. Allaha sədaqət göstərərək yaşayarlarsa, dünyəvi zövq və ehtiraslarından məhrum qalacaqlarını düşünür, Allaha bağlanmaqdan və Ona sadiq qalmaqdan çəkinirlər. Halbuki Allah səmimi qəlblə Ona bağlanan sadiq qulları üçün dünyada və axirətdə nemətlərin və zövqlərin ən gözəllərinin olduğunu bildirib. Ancaq inkar edənlər bu həqiqətin şüurunda deyillər.

Bunun yerinə inkar edənlər fərqli yöndən dərin sədaqət hissi içərisindədirlər. Bu sədaqət iman gətirməyən insanların nəfslərinə və şeytana qarşı göstərdikləri sədaqətdir. Şeytanın və nəfsin istəklərinə qapılan bu insanlar həyatları boyu bu iki aldadıcıya sadiq qalırlar. Onları addım-addım izləyirlər. Halbuki şeytana və nəfsə göstərilən sədaqətin axirətdəki qarşılığı əbədi əzabdır.

Möminlər isə inkar edənlərdən fərqli olaraq Allahın onlara verdiyi ağıl ilə doğru düşünən, Allahın gücünü və elmini layiqincə təqdir etməyə çalışan insanlardır. Bu səbəbdən, tərifə layiq olanın yalnız Allah olduğunun şüurundadırlar. Allahın Quranla bildirdiyi əxlaqdan bir an belə uzaqlaşmadan yaşayırlar. Göndərilən elçilərin yoluna heç bir şübhəyə qapılmadan sədaqət göstərərək tabe olurlar. Baş verən çətinliklərə səbir edir və hər işlərində daima Allaha yönəlirlər. Allahın yardımını və rəhmətini istəyirlər. Heç bir qorxu və narahatlığa qapılmadan daima Allahın razılığını qazanmağa çalışırlar. Olduqca çətin imtahan mühitində olsalar da, Allaha olan sədaqətlərində ən kiçik azalma belə baş vermir. Əksinə, Allaha olan bağlılıq, yaxınlıq və sədaqətləri qat-qat artır. Uca Rəbbimiz Allah bu gözəl davranışlarının qarşılığında iman gətirənlərə Allah qatında bağışlanma və böyük mükafat olduğunu vəd edib:

“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır”. (Əhzab surəsi, 35)