Quran

Quranda yaradılış dəlilləri


Quranda yaradılış dəlilləri

İnsanlar Allah´ın Zatını görə bilməzlər. Ancaq Onun varlığını, qüdrətini və bəzi isimlərini yaratmış olduğu varlıqlara baxaraq anlayarlar. Hər rəsmin öz rəssamını tanıtması kimi, canlı və cansız varlıqlar da özlərini yaratmış olan Allah´ı bizə tanıdırlar. İnsan bunlar üzərində düşünməli və yaradılış dəlillərinə şahid olmalıdır. Necə ki, Allah Quranda dəvə, ağcaqanad, arı, hörümçək kimi müxtəlif heyvanları, bitkiləri, ağacları, dağları, yerləri, göyləri bir iman həqiqəti, yəni yaradılış möcüzəsi olaraq örnək çəkmişdir. Bu kimi iman həqiqətlərinə diqqət çəkilən ayələrdən bəziləri belədir: Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini (görmürlər)? Dağların necə sancıldığını (görmürlər)? Yerin necə döşədildiyini (görmürlər)? (Ğaşiyə surəsi, 17-20)

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə (demək) istədi?" Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)

Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get". (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara (belə) izah edir. Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allah´ın göylərdə və yerdə yaratdıqlarında (Allah´dan) qorxan adamlar üçün dəlillər vardır. (Yunus surəsi, 5-6)

Əlbəttə ki, yaradılış dəlilləri yalnız bu ayələrdəki nümunələrlə məhdud deyil. Ətrafımızda gördüyümüz və ya görə bilmədiyimiz bir çox varlıq vicdanı və ağılı ilə qiymətləndirən hər insan üçün bir iman həqiqətidir. Məsələn, bağçadakı qarışqalar, stolun üstündəki çiçək, küçədəki və ya evimizdəki pişik, it və ya quş, bədənimiz, göylərdəki və yerdəki nizam, yağışın yağması, bizi kosmosdan gələn zərərli şüalardan və maddələrdən qoruyan atmosfer və bunlar kimi başqa canlı və ya cansız varlıqlar Allah´ı tanımaq istəyən hər insan üçün bir yaradılış dəlilidir. Nəhəng bir ulduzun həyatı böyük bir iman həqiqəti olduğu kimi, bədənimizin hər hansı bir orqanı da imana yönəldən bir həqiqətdir.

YARADILIŞ DƏLİLLƏRİNİN ƏHƏMİYYƏTİNƏ QURANDA DİQQƏT ÇƏKİLİR

Quranda insanı Allah´ın yaratdığı, yaranma məqsədinin Ona ibadət və qulluq etmək olduğu, ölümdən sonra özünü sonsuza qədər davam edəcək axirət həyatının gözlədiyi açıq-aşkar bildirilir. Həmçinin insan bu həqiqətlərə şahidlik edən "dəlillər" üzərində də dərin düşünməyə çağrılır. Quranda Allah´ın varlığının, birliyinin və sifətlərinin qəti dəlilləri olan hadisələr və varlıqlar isə "ayə" olaraq müəyyən olunur. Allah´ın ayələri Quranda yazılı olduğu kimi, xarici dünyada və insanın öz nəfsində də var. Quranda bu həqiqət "Yerdə (Allah´a) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır. Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?" (Zariyat surəsi, 20-21) ifadəsi ilə vurğulanır. Həmin həqiqət başqa ayələrdə də belə ifadə edilir: (Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. (Casiyə surəsi, 3)

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir... (Şura surəsi, 29)

Məlum olduğu kimi, Allah´ın varlığını və sonsuz qüdrətini sübut edən dəlillər yalnız Quranda deyil, yaşadığımız hər mühitdə var. İstər pəncərəyə qonan bir quş, istər bağçada gördüyümüz bir çiçək, istər səmadakı bir ulduz olsun, yaşadığımız müddətcə qarşımıza çıxan hər şey Rəbbimiz tərəfindən mənən "oxumağımız" üçün bizə göndərilən bir mesajdır. Əgər belə qiymətləndirsək, tək bir çiçək də bir məktubdur. Onu oxuya bilənə Yaradıcımızın mesajını gətirmişdir. Digər tərəfdən, bəzi yaradılış dəlilləri də insanlara Quranın haqq Kitab olduğunu sübut edir. Çünki kainatın yoxdan yaranması və genişlənməsi, göylərlə yerin bir-birindən ayrılması, göy cisimlərinin orbitləri, Yerin kürə formasında olması, səmanın qorunmuş bir tavan funksiyası yerinə yetirməsi, atmosferin layları, yağışın meydana gəlməsi, küləklər, dənizlərin bir-birinə qarışmaması kimi Quranda möcüzəvi şəkildə 1400 il əvvəl təsvir edilən bir çox iman həqiqəti ancaq son əsrin elmi nailiyyətləri nəticəsində bir-bir aydın olmuşdur. Bu kimi mövzularda Quranın vəhy edildiyi dövrdə heç bir insana məlum olmayan məlumatların Quran ayələrində açıqlanmış olması Quranın Allah´ın sözü olduğunu insanlığa bir daha sübut edənçox vacib bir həqiqətdir.