İnkar edənlər

Allahın inkar edənləri dərhal cəzalandırmamasının sirri


Allahın  inkar edənləri dərhal cəzalandırmamasının sirri

İnsanların etdiyi pisliklərin qarşılığını dərhal almaması, bunun müəyyən vaxta qədər təxirə salınması Quranda bildirilən sirlərdən biridir. Allah ayələrdə belə buyurmuşdur:

Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir surəsi / 45)

Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər. (Kəhf surəsi / 58)

Bir çox insan pis əməllərinin qarşılığını dərhal almadıqda, bunun hər zaman belə olacağını zənn edir. Hətta buna görə də nə tövbə edir, nə peşman olur, nə də əməllərini düzəldirlər. Qarşılıqsız qalacağını düşündüyü üçün azğınlığını daha da artırır. Ağılsız olduğuna görə, bununla əzabın daha da şiddətli olacağını düşünə bilmir. Allah ayədə belə buyurur:

Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır. (Ali İmran surəsi / 178)

Allah bu möhləti insanları sınamaq üçün yaratmışdır. Halbuki hər bir insanın əməllərinin qarşılığını almaq üçün Allah Qatında müəyyən edilmiş müddət vardır. Həmin vaxt çatdıqda nə bir anlıq önə çəkilər, nə də bir anlıq təxirə salınar. Allah hər kəsin əməllərinin qarşılığını mütləq alacağını ayələrdə belə bildirir:

Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı, əzab onları dərhal yaxalayardı. (Taha surəsi / 129)

Mən onlara möhlət verəcəyəm. Şübhəsiz ki, Mənim hiyləm sarsılmazdır. (Əraf surəsi / 183)